Zakir Həsənov Britaniyanın yeni səfiri ilə görüşdü –“Ermənistan sülh danışıqlarını qəsdən yubadır”

Müdafiə Naziri Zakir Həsənov bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Azpost.info bildirir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Britaniyalı diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik-leytenant Entoni Bramveli müdafiə nazirinə təqdim edib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

C.Şarp öz növbəsində, Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

Britaniyalı diplomat, həmçinin regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəal iştirakına görə Azərbaycana minnətdarlığını bildirib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Tərəflər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Görüşdə iki ölkə arasında müdafiə sahəsində, o cümlədən terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatların keçirilməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

“Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu və bu imkanların genişləndirilməsinin vacibliyini vurğulayıblar. Ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, hərbi ingilis dili kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib”, – deyə məlumatda vurğulanır.

Z.Həsənov C.Şarp və E.Bramveli ölkəmizdə diplomatik və hərbi-diplomatik fəaliyyətə başlamaları münasibətilə təbrik edib, onlara Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.*

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Donbas probleminin həlli üçün “Zelinski formulu” –

Sonrakı məqalə

FETÖ-nun mühüm adamına hökm oxundu –