Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Co Baydenlə telefon danışığı zamanı ABŞ-dan əlavə hərbi yardım və maliyyə dəstəyi istəyib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə CNN yüksək vəzifəli ukraynalı məmura istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Zelenski Baydenə Ukraynaya qarşı Rusiya təhdidini azaltmaq üçün konkret təkliflər verib. O, Vaşinqtonu Kiyevə daha çox hərbi dəstək göstərməyə, o cümlədən daha müasir silahlarla təchiz etməyə çağırıb.
Söhbət həm də Ukraynaya yardım üçün əhəmiyyətli maliyyə paketinin ayrılmasından da gedib. Zelenski əmin olduğunu bildirib ki, Kiyevə güclü maliyyə dəstəyi Rusiya prezidenti Vladimir Putinə göstərəcək ki, Qərb Ukraynanı dəstəkləyir və eskalasiya heç bir nəticə verməyəcək.
Liderlər təhlükəsizlik və Moskvaya qarşı sanksiyalar mövzusuna da toxunublar. Bayden Zelenskiyə Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünə sərt cavab vəd edib.
Azpost.info
