Böyük Britaniyada cinsi cinayət törədən şəxslərin kimyəvi kastrasiya ilə cəzalandırılması planları ölkədə ciddi müzakirələrə səbəb olub. Yeni təklifə əsasən, bəzi məhbuslar həbs cəzalarının üçdə birini çəkdikdən sonra azadlığa buraxıla bilər.
AzPost-un Sky News-a istinadla məlumatına görə, hökumətin planı cinsi istəyin dərman müalicəsi ilə azaldılması və bəzi cəza modellərinin yumşaldılmasını nəzərdə tutur. Hökumət hazırda cənub-qərb bölgəsində sınaqdan keçirilən proqramı bütün ölkə üzrə tətbiq etməyi planlaşdırır. Hazırda könüllü olan kimyəvi kastrasiya üsulunun məcburi tətbiqi də gündəmdədir.
İcmala əsasən, bu tədbir həm həbsxana daxilində, həm də cəmiyyətdə təhlükəli hesab edilən şəxslərin nəzarətdə saxlanmasına yardım edə bilər. Təkliflər paketində həmçinin həbs müddətlərinin azaldılması və sınaq nəzarətinin genişləndirilməsi yer alır.
İngiltərə və Uels üzrə məişət zorakılığı üzrə komissarı Nikol Ceykobs bu yanaşmanı tənqid edərək bildirib ki, bu addım cəzasızlıq mühitini formalaşdıra bilər. O deyib: “Hökumət məişət cinayətlərini törədənlərə aydın mesaj göndərir ki, artıq heç bir nəticə olmadan təhqir edə bilərlər.”
Böyük Britaniya Milli Polis Rəisləri Şurasının Baş Konstebli Sacha Hatchett isə qeyd edib ki, həbsxanadan çıxmaq nəzarətdən çıxmaq anlamına gəlməməlidir. O vurğulayıb ki, cəmiyyətin təhlükəsizliyi üçün müvafiq nəzarət və resurs təmin olunmalıdır.
Təkliflər paketi cəzaların sərtləşdirilməsi və bəzi məhbusların cəza müddətinin bir hissəsini elektron nəzarət altında çöldə çəkməsini də ehtiva edir. Eyni zamanda, sınaq xidmətinin gücləndirilməsi və yeni elektron izləmə texnologiyalarının tətbiqi planlaşdırılır.
Ədliyyə naziri isə qeyd edib ki, bu tədbirlər həm təkrar cinayətlərin qarşısını almağa, həm də həbsxanaların yüklənmə problemini həll etməyə yönəlib.
Britaniya hökuməti bu planlarla bağlı yaxın aylarda ictimai müzakirələr keçirəcək və qərarların tətbiq mexanizmi dəqiqləşdiriləcək.