“Siyasi plüralizm güclü ölkənin və demokratiyanın əsas göstəricisindən biridir. Bu sahədə mühitin formalaşdırılmasında siyasi partiyaların xüsusi rolu var”.
Bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov bildirib.
Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb: “Son bir il ərzində 7 siyasi partiya dövlət qeydiyyatından keçib. Siyasi partiyaların əksəriyyəti aktiv fəaliyyət göstərir. Partiyalar ölkə başçısının bəyan etdiyi və yürütdüyü siyasətin nəticəsində siyasi dialoqun tərəfdaşına çevrilib. Azərbaycanda çoxpartiyalı parlament formalaşıb və bu da demokratiyanın inkişafında önəmli addımdır. Biz əksər partiyaların Vətən müharibəsi zamanı Ali Baş Komandanın ətrafında birləşdiyinin şahidi olduq. Siyasi partiyaların birgə bəyanatı da Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Lakin təəssüflər olsun ki, bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə yoxdur. Bu partiyaların rəhbərləri, habelə üzvlərinin bəziləri vəfat edib və bundan sonra bu partiyalar faktiki mövcud deyil. Onlar siyasi arenada fəaliyyətdən də savayı, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etmirlər. Yəni ki, qurultaylar keçirmirlər, rəhbər orqanları seçmirlər, illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər. Belə partiyalara misal kimi, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist Partiyalarını qeyd etmək olar. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülür”.