“Əlimizdəki futbolçularla görüşü başa vurmağa çalışacağıq” –QURBAN QURBANOV

Klubumuzun əməkdaşları stadion işçiləri ilə birlikdə çox böyük işlər görürlər. Hiss olunur ki, dostluq və qardaşlıq oyununa hazırlaşırıq. Məncə, maraqlı və önəmli qarşılaşma olacaq.

Bu sözləri Türkiyənin “Qalatasaray” klubu ilə Bakıda xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl təşkil olunmuş brifinqdə deyib.

Ən vacib amilin görüşün mahiyyəti olduğunu bildirən mütəxəssis deyib: “Bu oyun Türkiyədə baş vermiş zəlzələdən sonrakı vəziyyət üçün planlaşdırılıb. Çox istərdim ki, görüş xoş təəssüratlarla başa çatsın. Azərbaycan tərəfdən Türkiyəyə nə lazım olsa, biz hər zaman hazırıq. Allah heç kimə belə fəlakət göstərməsin. Türkiyə xalqına səbir diləyirəm. Azarkeşlər üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, hamı bu qarşılaşmadan zövq alsın”.

“Oyunçularımızın sayı azdır. Əlimizdəki futbolçularla görüşü başa vurmağa çalışacağıq. Bilirsiniz ki, daha əvvəllər “Qarabağ”da çıxış etmiş futbolçuları da heyətimizə dəvət etmişik. Yalnız qapıçı Anar Nəzirov bu mənada istisna təşkil edir. Digərləri Donald Gerye, Rauf Hüseynli və Nihad Quliyev bizimlədir”, – deyə baş məşqçi sözlərinə əlavə edib.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə göndəriləcək.

Əvvəlki məqalə

Muharrem İnce Türkiyədə prezidentliyə 3-cü namizəd oldu

Sonrakı məqalə

Məhərrəm İncə 100 min imza topladı