Tarixçi Əkbər Nəcəf Novator.az saytına müsahibəsində ərəb xilafətinin zəifləməsi ərəfəsində Azərbaycandakı dini-ictimai-siyasi vəziyyətdən danışıb.
Azpost.info müsahibəni oxucularına təqdim edir:
– IX əsrin birinci yarısında Azərbaycanda mövcud olan ictimai-siyasi həyatı necə səciyyələndirərdiniz?
– Xüsusən xəlifə Mötəsimdən sonrakı dövrdə, yəni IX əsrin ortalarında Abbasi xilafətinin mərkəzi hakimiyyəti zəiflədi. Ordu əsasən türklərin əlində idi. Onların mərkəzi hakimiyyəti ələ almasından sonra xilafətin gücü bu coğrafiyada zəiflədi. Bir çox xanədan dövləti meydana çıxdı. Məsələn, Orta Asiyada Samanilər, indiki İranın Sistan və Kirman ərazilərində Səffarilər, Misir və Suriyada Tulunilər və İğşidilər, Azərbaycanda Sacilər, Salarilər, Şirvanşahlar, Şəddadilər, Rəvvadilər və bunlarla bərabər məhəlli xanədanlıqlar yarandı.
Abbasi mərkəzi iqtidarı Məmun zamanında mötəziliyyəni rəsmi məzhəb elan etmişdi. Amma bu bir müddət davam etdi. Xüsusilə də Əbu Hənifənin tələbələrinin Xorasan və Bağdadda baş qazilik vəzifəsinə gətirilməsi ilə yavaş-yavaş xilafətdəki mərkəzi güclər hənəfi məzhəbinə yönəldi. Amma bu, xilafət coğrafiyasında təkməzhəbli sistem olması demək deyil.
– Hənəfiliyin birdən-birə belə üstün olmasının digər səbəbləri nə idi?
– Məvalilər, yəni ərəb olmayan müsəlmanlar arasında dini meyl şiəlik, kərramilik, murciyə, hənəfilik və şafiilik idi. Çünki bu məzhəblər islami inancı yaşamağı nisbətən asanlaşdırırdı. Əməvilər dövründə ağır bir dini həyat vardı. Əməvilər islam dininin ərəb modeli xaricinə çıxmasında maraqlı deyildilər, onlarda qövmiyyətçi anlayış hakim idi. Ona görə də qeyri-ərəblər “Quran”ın surələrini ərəbcə əzbərləmək məcburiyyətində qalırdılar. Müsəlman olmaq üçün təkcə kəlimeyi-şəhadət gətirmək kifayət etmirdi. Məsələn, hənbəli məzhəbində namaz qılmayanın imanı şübhəli qəbul edilirdi. Amma Əbu Hənifə deyirdi ki, sənin dini vacibatları həyata keçirməyin imanın dərəcəsinin yüksəlməsinə və ya enməsinə təsir etməz. Murciyə əqidəsinə görə, müsəlman olmaq üçün ibadət əsas şərt deyil, kəlimeyi-şəhadət gətirib inanmaq kifayətdir. Bu kimi həyat tərzi qeyri-ərəblər üçün daha rahat olduğundan bu məzhəbləri seçdilər. Xüsusən də türklər əvvəlcə murciyəni, sonra hənəfiliyi seçdilər. Murciyədən də çıxan qollardan biri kərramilikdir. Qəznəvi dövlətinin qurucusu Səbuktəkin kərramidir.
Hənəfi məzhəbinin bir xüsusiyyəti də ondan ibarət oldu ki, “Quran”ın digər dillərə tərcümə edilməsinə imkan verdi. X əsrdə Samanilər dövlətində “Quran”ı fars dilinə tərcümə etdilər. Sonra da türk dilinə. Həmin tərcümələrin bəzi nüsxələri indi də qalır.
– Bəs islamdan qabaq Azərbaycanda inanc məsələsi necə idi?
– İslamdan öncə burada xristianlıq, manixeizm, zərdüştlüyün bəzi qolları, bir qədər də şamanist ünsürlər hakim idi. İslam bu inanclara toxunmadı. Əyalət hökmdarları ilə sənədlər imzalandı. Buradakı əhali illik bir miqdar vergi verməklə öz inanclarında qaldılar. Lakin sonradan bu əyalət hökmdarları imzaladıqları sənədləri əhəmiyyətsiz hesab etdikləri üçün müsəlman hakimlərinin bölgəyə birbaşa müdaxiləsi başladı. Xilafət bu coğrafiyanı idarə etmək üçün öz valisini göndərdi. Azərbaycan, Ərməniyyə və Gürcüstan bir əyalət hesab olunurdu.
Bizdə Ziya Bünyadovun “VII-XI əsrlər” kitabından irəli gələn bir fikir formalaşıb ki, guya bu dövrdə Azərbaycan əhalisi qriqoryanlaşdı və ya müsəlmanlaşdı. Bu fikir yanlışdır. Qriqoryanlaşma prosesi sonrakı dövrlərə aiddir. Xalqlar əsasən xristian idi. Xristianlıq iki modelə ayrılırdı: diofizit və monofizit xristianlar. Onların arasında əsas fərqlərdən biri İsanın tanrı, yoxsa tanrının oğlu olması məsələsi idi. Bu ərazilərdə süryani kilsəsi də var idi. Ermənilər özləri də uzun müddət süryani kilsəsinin təsirində olublar. Bu coğrafiyada xristianlıqla manixeizm ünsürlərinin formalaşmasından ortaya çıxan qnostisizm hərəkatı da mövcud idi. Həmin qnostiq qruplardan biri barboritlər adlanırdı. Onların da içindən müxtəlif qruplar çıxdı. Müasir tədqiqatçıların qriqoryanlıq, gürcü xristianlığı dediyi sistemlər də mərkəzləşmiş bir camaat hesab olunmurdu. Onlar da öz aralarında müxtəlif camaatlara və cərəyanlara parçalanmışdılar. Hamsının öz kilsəsi var idi. Bu coğrafiyalarda kilsədən çox monastr tipli ibadət məkanları mövcud idi.
Manixeizmdə zərdüştlükdən çox xristianlıq elemetləri güclü idi. Zərdüştlüyün özü də bölünmüşdü. Sasani dövründəki klassik zərdüşütlüyin yerini onun bir cərəyanı olan survanizm anlayışı almışdı. Survanizmə görə, yaradılışın əvvəlində müqəddəs bir dövr olub, insanın məqsədi ora çatmaqdır. “Survan” xürrəmilikdəki “şirvin”lə eyni termindir. Zərdüştlük əsasən cənubda yayılmışdı.
Sasani dövləti Romaya qədər xristianları qorudu və Romaya qarşı istifadə etdi. Amma Roma xristianlığı qəbul edəndən sonra Sasanilər məcbur qalıb zərdüştlüyü önə çəkdilər. Hətta bəzi xristian məbədini də zərdüştlük məbədinə çevirdilər.
– Hansı dövrdən sonra islamın yayılması sürətləndi?
– Bu proses hələ Rəşidi xəlifələri vaxtında başlandı. Həqiqətən də ərəb xilafətinin gətirdiyi sosial şərtlər əvvəlki rejimlərlə müqayisədə çox əlverişli idi. Sasani dövründə saysız-hesabsız vergi var idi. Ərəblər dövründə isə qeyri-müsəlman əhali “cizyə”, müsəlman əhali isə “öşür” verirdi. Hamı zəkat vermək məcburiyyətində deyildi. Zəkatın şərtləri var idi. Digər tərəfdən, əhali hərbi mükəlləfiyyətlərdən də azad idi.
– Xilafətə müxalif olan qüvvələr necə formalaşdı?
– Bəzi kütlələr Əməvilər dövründə aktivləşdilər. Əməvilər dövründə ərəb olmayan xalqlar müsəlmanlığı qəbul etdikləri halda onlardan cizyə alınmasına etiraz edirdilər. Xəlifə Ömər ibn Əbdüləziz müsəlmanlardan cizyə alınmasına son qoymağa çalışırdı, ona görə onu Əməvilərin yeganə adil xəlifəsi adlandırırdılar. Əməvilər dövründə müsəlman olduqları halda qeyri-ərəblərlə çox pis rəftar edilirdi. Bir tərəfdə bu narazı kütlələr formalaşırdı, digər tərəfdə isə ərəblərin ən böyük düşməni türklər idi. Xilafətin bütün gücü türklərlə müharibəyə getdi. İstisnasız iki əsr boyunca türklərlə ərəblər qılıncı yerə qoymadılar.
Osmanın dövründən etibarən müsəlmanlar zənginləşmişdilər. Burada ticarət və döyüşlərdəki qənimət önəmli rol oynayırdı. Zənginləşən ərəblər getdikcə qarşılığını ödəyərək hərbi mükəlləfiyyətlərdən uzaqlaşırdı. Belə olduqda xilafət kənardan, ən çox da türklərdən əsgər almağa başlayırdı. Çünki türklərin əsas məşğuliyyəti döyüşmək idi. Ona görə də xilafətin müharibələrə çıxaracağı əsas güc türklər idi. Zamanla orduda türklər daha da çoxaldı və ərəb ünsürlər azaldı. Xüsusən xəlifə Məmunun ordusunda. Xilafət mərkəzində nəzarəti türklərin ələ keçirməsi ərəblərdə türklərə qarşı nifrət yaratdı. Bu nifrət ancaq səlib müharibələrində ortaq düşmənə qarşı mübarizə aparmaqla zəiflədi.
Xilafətdə iki türk tipi vardı. Biri xilafətin ələ keçirdiyi coğrafiyada yaşayan türklər idi. Digəri isə qul kimi satın alınanlar. Onlar pulla alınıb orduya yerləşdirilirdilər. Onlar təhsilli idilər. Qul sözü bizi yanıltmasın. Dövlət onları əsasən 12 yaşında alıb təhsil verirdi. Onlar üçün təhsil mərkəzləri mövcud idi. Məmlük adlanan həmin qullar oxumağı, idarəetməni, strategiyanı bilirdilər.
– Əməvilər həmin müxalif qüvvələrə qarşı hansı siyasəti tətbiq etdilər?
– Əməviləri ərəblərin hamısı qəbul etmədi. Lap əvvəldən onlara müxalif qüvvələr var idi ki, bunlar İmam Əli, onun əhli-beyti və tərəfdarları, xariciyyə və başqaları idi. Əməvilər onları xilafətin problemli bölgələrinə köçürdülər, həmin bölgələrdə onlara geniş imkanlar verdilər.
İki köç var. Birincisi əyaləti idarə edən təbəqənin ətrafını doldurmaq üçün aparılan köçdür. Yəni, tutalım, xəlifə bir yerə bir vali göndərir, valinin öz əşirəti ilə birlikdə ora getməsinə imkan yaradır. Bir də var müxaliflərin köçü. Bu müxaliflərin bəzisi Əməvilərin dini baxışına, bəzisi isə siyasi baxışına qarşı idi. Məsələn, Abbasilər səltənətə gələnə qədər hakimiyyəti əhli-beytin haqqı kimi təbliğ edirdilər. Amma hakimiyyətə gələndən sonra özləri əhli-beytlə mübarizəyə başladılar. Əməvilər həmin müxalif qüvvələri problemli olan Azərbaycan və digər bölgələrə köçürdülər və onlara şimaldan gələn təhlükənin qarşısında dövləti dəstəkləmək şərtilə istənilən əraziyə sahib olmaq imkanı yaratdılar.
Bu qüvvələr həmin bölgələrə gələndə iki güc arasında qaldılar. Arxada siyasi və ideoloji cəhətdən barışmadıqları mərkəzi hakimiyyət, qarşıda isə müsəlman olmayan güclər var idi. Onlar məcbur qalıb dövlətlə razılaşdılar. Ona görə də Əlinin zamanında onun tərəfdarları artıq Ərdəbil bölgəsinə gəlmişdilər. Onlar öz inanclarını da bu bölgəyə gətirmişdilər.
– Bir qədər də xürrəmilər dövründən danışaq…
– Xürrəmilik Xorasanda ortaya çıxıb. İlk dəfə özünü xürrəmi adlandıran İshaq ət-Türki Abbasiləri hakimiyyətə gətirən Əbu Müslimin tərəfdarıdır. Xürrəmilərin inancında atəşpərəstlik, zərdüştlük, manixeizm, şamanizm ünsürləri var idi. Son dövrdə bəzi müəlliflər Babəki müsəlman kimi təqdim etsələr də bu tutarlı əsası olmayan fikirdir. Xürrəmi üsyanını uzun müddət xəzərlər də dəstəkləyiblər. Hərəkatın yatırılmasının əsas səbəblərindən biri də xəzərlərlə Abbasilərin münasibətlərinin yaxşılaşması idi. Bu münasibətlərdə rahdanilər də maraqlı idi. Onlar yəhudi idilər. Bu bölgədəki ticari sərmayə onların nəzarətində idi. Onlar bir ticarət şəbəkəsi qurmuşdular. Tacirlərə faizlə pul verirdilər. Karvan yollarında tacirlər özləri ilə pul gəzdirməzdilər. Tutalım, bir tacir Təbrizdən Mərvə gedir. O, pulunu Təbrizdə həmin rahdani sərrafına verir, yol boyu ehtiyacı olduqca həmin yol üzərindəki rahdani məntəqələrindən pulunu alıb istifadə edirdi. Bir bank şəbəkəsi vardı və heç kəs özüylə pul götürüb yola çıxmazdı. Bu şəbəkənin içində müsəlmanlar da vardı. Şəbəkə Volqadan başlayıb, Qafqaz, Azərbaycan, Anadolu da daxil olmaqla Xorasana, Bağdada qədər uzanırdı.
Rahdanilər qul və kürk ticarətinə də nəzarət edirdilər. İmkanlı müsəlmanların qula və kürkə böyük marağı var idi. Bütün dünyanın ticari qaynaqları da o dövrdə islam coğrafiyasına axırdı. Sudan qızılı böyük bir sərmayə idi. XVI əsrə qədər bu qızıl dünya ticarət sisteminin əsasını təşkil edib. Sonradan onun yerini Amerika qızılı tutdu. Xorasandan Çinə gedən ticarət xətti isə əsasən soğdların əlində idi. Bu bir irani xalqdır. Onların dili Sasanilərlə eyni olsa da türklər onlara daha geniş imkanlar verdiyinə görə soğdlar Sasanilərə nifrət edir, türkləri dəstəkləyirdilər. Əsasən də göytürklərlə geniş münasibət qurmuşdular. Türkün bacardığı əsas iş hərb idi. Amma ticarət də dövlət sisteminin bir parçası olduğundan soğdlara geniş imkanlar yaratmışdılar. Çinin xaricə göndərdiyi bütün mallar soğdların əlindən keçirdi. Soğdlar türklərlə yaxın olduğundan yavaş-yavaş ərəblər onları sıxışdırmağa başladılar.
– Babək hərəkatı yatırılandan sonra Azərbaycanda dini vəziyyət necə dəyişdi?
– Xürrəmilər hərəkatı yatırılandan sonra bu ərazidə ismaililik yayıldı. İsmaililik Ərdəbilə qədər yayılmışdı. Sonradan zeydilik ortaya çıxdı. Zeydilər Xəzərin cənubunda, Ərdəbilin ətrafında, indiki Türkmənistan sərhədlərinə qədər ərazidə, yəni Gilan, Mazandaran, Təbəristan və Dehistana qədər olan bölgələrdə yerləşmişdilər. Ərəblər Xəzərin həmin dağlıq bölgələrini ələ keçirə bilməmişdilər. Mərkəzdən narazı şiə kütlələr bu bölgələrə qaçırdı. Burada Deyləmilər, Rəşdilər, mazenilər, hətta türklər və digər müstəqil xanədanlıqlar var idi. IX əsrdə bu coğrafiyada yaranmış, İranı ələ keçirmiş, bir əsr boyunca Abbasilər xilafətini də ələ keçirmiş Büveyhilər dövləti Deyləm əsilli idi. Gilandakı Zeydiyyə anlayışı ilə Yəməndəkinin arasında fərqlər var idi. Burdakılar daha radikal idi, Yəməndəkilər isə nisbətən yumşaq. Hətta bəzi sünni alimlər zeydiyyəni beşinci əhli-sünnə məzhəbi kimi görürdü.
Azərbaycanın şimalında ən geniş yayılan məzhəb şafiilik oldu. Məsələn, Dərbənd alimlərinin İmam Şafiyə müraciəti və onların suallarına cavab olaran İmam Şafinin yazdığı bir “Dərbənd risaləsi” var. Şirvan əhalisinin çaxu şafeyi idi. Səlcuqların dövründə hənəfilik yayıldı. Amma şiə-batini qruplar da çox idi.
– O dövrün şiəliyi ilə indiki şiəlik nə dərəcədə uyğundur?
– İndiki şiəlik isna əşəriyyədir. İsna əşəriyənin üç böyük qolu var: əkbəri, şeyxi və üsuli. O dövrün klassik şiəliyi əsasən əxbarilik idi. İsna əşəriyyə həmin əxbariyyənin içindən çıxıb.
– Azərbaycanda yaranmış erkən feodal dövlətlərinin etnik kimliyini və apardıqları mübarizələrin səbəblərini necə qruplaşdırmaq olar?
– Salarilər şimaldan gəlmiş böyük bir tayfadır. Onların əsli sabirlərdir. Bir müddət sonra ismailiyyəni qəbul etdilər.
Sacilər Usruşana ailəsidir. Usruşana indiki Özbəkistanda bir əyalətdir. Türkdürlər. Afşinlə birlikdə gəliblər. İlk liderləri Əbu Sac Divdaddır. Sac Afşinlə birlikdə Babəkə qarşı vuruşmuş, Babəkin həbs edilməsində də rol oynamışdı. Xəlifə Sacın oğlunu Azərbaycana vali göndərmişdi. O da Azərbaycanın hakimi olduqdan sonra burda böyük bir gücə çevrilmişdi. Yusif ibn Əbu Sac əvvəl sünni idi, sonra qərmətiliyə meyl etdi. Lakin elə qərmətilərlə müharibə aparıb onlara əsir düşdü və onlar tərəfindən də öldürüldü.
Rəvvadi və Şirvanşah Məzyədilər isə ərəb əslli idilər. Bəzi müəlliflər Şəddadiləri Rəvvadilərin bir qolu olaraq göstərir. Onda belə çıxır ki, onlar da ərəbdirlər. Minorski Şəddadilərin kürd olduğunu deyirdi. Çünki İbn əl-Əsir onlar haqqında danışanda “Dvin ətrafındakı kürdlərdəndir” yazırdı. Amma burda bir məsələ var. Klassik dövrdə kürd adı hamıya verilə bilər. Ərəbin də kürdü var, türkün də, iranlının da. Kürd adı XIX əsrdə etnik platforma qazandı. İndiki zaza, kurmancı, sorani və yaxın həyat tərzi sürən digər tayfalara ümumən kürd adı verildi. Amma orta əsrlərdəki kürdün ərəbə, türkə və ya iranlıya aid olmasını təyin etmək çətindir. Məsələn, ərəb Teyy qəbiləsi var idi. Onların şəhərdə yaşayanına Teyy, dağda yaşayanına kürd deyilirdi. Ona görə də şəddadilərin etnik kimliyini dəqiq bilmək bir az çətindir.
Gürcüstan ərazisində bəni-cəfərilər, Dərbənd ərazisində haşimi-süləmilər var idi ki, onlar da ərəb idilər. Dərbəndin idarə sistemi bir az qarışıq idi. Çünki oranı bir nəfər idarə etmirdi.
Sacilər və Salarilərdən başqa həmin dövlətlərin əlində geniş hərbi güc olmadığından böyük dövlətlərə çevirilə bilmədilər. Onlar bir-biri ilə ən çox sərhəd problemi yaşayıblar. Aralarındakı mübarizələr məzhəbi xarakter daşımayıb. Bir də bu dövlətləri ortaq hərəkət etməyə məcbur edən müştərək mənfəətlər vardı. Sacilər bu bölgə üçün maraqlı bir xarici siyasət formalaşdırmışdılar. Kimliyindən asılı olmayaraq bütün müsəlmanları müsəlman olmayan xarici güclərə qarşı təşkilatlandırmışdılar. Bunun nəticəsində Şərqi Anadoluda Bizansa, Şimalı Qafqazda isə Sərir kimi kiçik qeyri-müsəlman qüvvələrə qarşı ortaq mübarizə aparırdılar. Misal üçün Salarilər ilə Şirvanşahlar birləşib rus-varyaqlara qarşı mübarizə aparıblar. Həmin tarixdə Xəzər sahili bölgələrə rus-varyaqların quldur hücumları olurdu. Bu hücumların birində Bərdə də işğal edilmişdi.
Adları çəkilən dövlətlər arasında əsasən ikisi böyük siyasi-hərbi güc hesab edilirdi: Sacilər və Salarilər.
Bu dövrün Azərbaycan üçün xarakterik cəhəti bölgədə sosial vəziyyətin və mədəniyyət anlayışının dəyişməsidir. Həmin tarixdə islam mədəniyyəti anlayışı da yeni-yeni formalaşdığından Azərbaycan sürətlə bu platformanın içində yer aldı. Bərdə, Gəncə, Şirvan, Təbriz, Divin, Tiflis, Xoy, Marağa, Ərdəbil və digər bölgələrdən çıxmış yüzlərlə hədis, fiqh, kəlam alimi, onlarla filosof, dilçi, ədəbiyyatçı və şair bu mədəniyyətə töhfələr verdi. Demək, bizim coğrafiyanı islam mədəniyyətinin kənarında görmək doğru deyil. Bu pontensialına görə həmin xanədan-dövlətlərdən bir qədər sonra bölgəyə hakim olan Səlcuqlar dövründə Azərbaycan bütövlükdə şərqi islam dünyasının mərkəzi və aparıcı bölgəsinə çevrildi.
Əşrəf Fəxri