“Əgər neftin qiyməti bərpa olunmasa, bizi əlavə itkilər gözləyir” –Prezident prioritetləri açıqladı

“OPEC və qeyri-OPEC ölkələrinin razılaşması bizim üzərimizə də öhdəliklər qoyur. Bu razılaşmaya görə bizim neft hasilatımız bu il ixtisar ediləcək. Artıq kvotalar müəyyən edildi. Əgər neftin qiyməti lazımi səviyyəyə qalxmasa, onda biz əlavə itkilərə məruz qalacağıq. Biz bunu bilməliyik ki, bu itkilər təqribən 700 milyon, bəlkə də 1 milyard dollar ətrafında ola bilər. Ona görə indidən öz addımlarımızı atmalıyıq”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında bildirib.

Dövlət Başçısı vurğulayıb ki, keçən il qəbul edilmiş qərarlar əsasında böyük sosial paket icra edildi. Təbii ki, bu sosial paket bu il və bundan sonrakı illərdə də insanlara təqdim ediləcək: “Koronavirusla bağlı ən azı 2,5 milyard manat nəzərdə tutulur. Qeyd etdiyim kimi, Prezidentin ehtiyat fondundan ləvazimatların alınmasına 100 milyon manata yaxın vəsait istiqamətləndirilib. Əgər neftin qiyməti bərpa olunmasa, bizi əlavə itkilər gözləyir və təbii olaraq bizim valyuta ehtiyatlarımız azalacaq. Birinci rübdə, yanvarın birinə nisbətdə artıq valyuta ehtiyatlarımız azalıbdır. Bu, təbiidir və belə olan halda bir daha demək istəyirəm ki, xərclərə böyük diqqətlə baxmalıyıq”.

Prezidentin sözlərinə görə, dövlət investisiya xərcləri əsas iki məqsədi güdməlidir: “Məşğulluğu təmin etmək, çünki biz investisiya xərclərimizi kəskin ixtisar edə bilmərik. Çünki birincisi, önəmli layihələr icra edilməlidir və ən başlıcası odur ki, əgər dövlət investisiya xərcləri kəskin azalsa, onda bu sahədə çalışan insanlar işsiz qalacaq. Ona görə bizim investisiya proqramımıza baxarkən iki əsas amili nəzərə alın. Məşğulluq və bu layihələrin iqtisadiyyatın real sektoruna olan təsiri. Çünki Azərbaycanda böyük infrastruktur layihələri icra edilib. Onların böyük hissəsi tam başa çatıb, ona görə iki əsas amil nəzərə alınmalıdır. Hesab edirəm ki, aprel-may aylarında ikinci yarımillikdə nəzərdə tutulan investisiya proqramlarının təhlili və yenidən tərtib edilməsi zəruridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İlin sonunadək dəstək paketi nə qədər lazımdırsa artırılacaq” –

Sonrakı məqalə

“Pandemiya kölgədə işləyən sahibkarlar üçün dərs olmalıdır” –