Ərdəbildə “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin təqdimatı olub

Fevralın 22-də İranın Ərdəbil şəhərində “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin beynəlxalq səviyyədə onlayn formatda təqdimat mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, lüğət Ayətullah Seyyid Həsən Amilinin təşəbbüsü ilə Əhəd Byütənin rəhbərliyi altında böyük bir heyət tərəfindən tərtib olunub.

Tədbirdə İran alimləri ilə yanaşı, Azərbaycandan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Türkiyədən Əli Qafqasyalı, Seyfəddin Altaylı və digərləri iştirak edib.

Akademik Möhsün Nağısoylu mərasimdə lüğətin əhəmiyyətindən danışaraq, onun imkanları, söz və ifadələri haqqında məlumat verib. İclasda bildirilib ki, lüğət müəllifləri kənd-kənd, oba-oba gəzərək sözügedən əsəri ərsəyə gətirib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, lüğətin birinci cildi `a` hərfi ilə başlanan sözləri əhatə edir. Kitab İranda çap olunub və İran Azərbaycanında işlənilən sözləri əhatə edir. Orada sözlərin izahı fars əlifbası ilə verilib.

“Lüğət azı 10 cilddən ibarət olacaq. Böyük bir işdir. Lüğət Cənubi Azərbaycanda işlənən sözləri əhatə edir”.

Akademik bildirib ki, belə bir lüğətin Azərbaycan Respublikasında da çapına ehtiyac var və yeni lüğət azərbaycanlıların yaşadığı bütün əraziləri əhatə etməlidir.

“Azərbaycan Respublikasında çap olunan lüğət kasaddır. Cəmi dörd cilddən ibarətdir. Cəmi 40-45 min sözü əhatə edir. Halbuki, bizim dilimizdə 200 mindən çox söz işlənilir”, deyə o qeyd edib.

Nağısoylunun özünün müəllifi olduğu Azərbaycanca-Farsca lüğət 65 min sözü əhatə edir. (Turan)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanun yenilənir

Sonrakı məqalə

Azərbaycanın ticarət dövriyyəsində əsas tərəfdaşları hansı ölkələrdir? –