Korifey sənətkarımız Rəşid Behbudovla bağlı unikal foto üzə çıxıb.
Azpost.info bildirir ki, görkəmli sənətkarın kürəkəni ailə albomundan Rəşid Behbudovun körpəlik fotosunu paylaşıb.
Foto 1916-cı ildə Tiflisdə çəkilib.
Rəşid Behbudov 1915-ci ildə Tiflisdə anadan olub. Ailədə 3 uşaq olublar: İki qardaş və bir bacı.
Atası Məcid Behbudov Tiflisdəki zadəganlar dərnəyinin üzvü olub. Rəşidin ana babası çar ordusunun generalı olub, qardaşları Peterburq Hərbi Akademiyasını bitirib. Ulu babalarının Ağstafada damazlıq ferması olub. Məcid Behbudovun Tiflisdə kəlağayı fabriki var idi.
Sənətkarın anası Firuzə Vəkilova rus ordusunda hərbi kareyra qurmuş general Vəkilovun qızıdır. Şuşada qıza vurulan Məcid bəy Firuzə xanımı qaçırıb. Nikahın əlyehinə olan Vəkilovların təqibindən uzaqlaşmaq üçün Məcid Behbudov Tiflisə gəlib və burada yaşayıb. Firuzə Vəkilova Tiflisdə şəhər məktəbində rus dili müəllimi işləyib. O,eyni zamanda şəhər məktəbində dram dərnəyinə rəhbərlik edib.
Bir sıra fikirlərə görə, Üzeyirbəy Hacıbəyli “Arşın mal alan”ın süjetini Məcid Behbudovun həyatından götürüb. Atasının Şuşada ticarət şəbəkəsi olub. Məcid hələ gənc ikən Şuşada yaşayanda bu kəlağayı sataraq, arşınmalçı olub. O, gənc ikən generalın qızı Firuzə xanım Vəkilovaya aşiq olub və onu qaçırıb.
Rəşid anasını həmişə mehribanlıqla xatırlayırdı. Onu çox erkən itirmişdi. Bu itki onun həyatında çox ağrılı izini qoyub.
Rəşid uşaqlıqdan gözəl səsə malik olub. Adamlar qarşısında oxumağa utansa da günlərin birində qərarını verir. Atamın papağını başına qoyub, əlinə əsa götürüb Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyasını ifa edir.
Uşaq vaxtı bilmədən elədiyi bu seçim Rəşidin sonrakı sənət ömrünü müəyyən edəcəkdi.
Məktəb illərində xor kollektivinin ilk ifaçısı olan gənc Rəşid 1933-cü ildə dəmiryol texnikumuna daxil olur, tələbə orkestrinin təşkilatçısı olur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Rəşid Behbudov Tiflis estrada qruplarından birinə solist kimi qəbul olunur.
1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi Rəşidə şöhrət gətirdi və onu bütün SSRİ-də tanıtdı.
Azpost.info