1560 namizəd mandat uğrunda yarışacaq, cəmi 360 nəfəri partiya üzvüdür –

MSK son durumu açıqladı
19 Yanvar 2020 - 19:00

 

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1560 nəfərin isə deputatlığa namizədliyi  qeydə alınıb”.

Onun sözlərinə görə, indiyə qədər deputatlığa namizədliyi qeydə alınan şəxslərin 360 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir.

MSK sədri deyib ki, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb: “1283 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Öz təşəbbüsü ilə irəli sürənlərin 100 nəfəri siyasi partiya üzvləridir”.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 22 min 746  müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

MSK sədri bildirib ki, hazırda bu proses davam edir.