200-dən artıq ziyalı Milli Məclisin Sədrinə müraciət etdi

Azərbaycanın 200-dən artıq ziyalısı  Milli Məclisin Sədri Sahibə Qafarovaya müraciət edib.

 Azpost.info-ya daxil olan müraciətin mətnində ziyalılar Bakı şəhərində Azərbaycanın dövlət dilinin tətbiqində yol verilən nöqsanların aradan qaldırılmasına çağırıblar.

Hörmətli Sahibə xanım!

İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə müraciət edirik. Xalqımızın mənəvi sərvəti, dövlət müstəqilliyinin başlıca rəmzlərindən olan Azərbaycan dilinin öz ana yurdunda hörmətsizliyə məruz qaldığını artıq görməmək olmur. Bakının küçə və prospektləri əcnəbi dillər tərəfindən “işğal olunub”.  “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin keçirdiyi monitorinq zamanı məlum olub ki, paytaxtın mərkəzi küçə və prospektlərdə ticarət və xidmət obyektlərinin 70-80 faizində dövlət dilindən istifadə edilmir. Bəzi yerlərdə vəziyyət daha acınacaqlıdır. Məsələn, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da (!) Azərbaycan dilindən istifadə edilməyib. Ötən illərdə məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri  Qənirə Paşayevaya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, yüzdən artıq millət vəkilinə eyni məzmunlu müraciətlər edilmişdir.

Bu məktublar ən yaxşı halda Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə  (ADRA) göndərilir. ADRA nümayəndələri isə sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışırlar. Belə görünür, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər.

 Hörmətli Sahibə xanım!

1. Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur. Bakı küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir. Bunun qarşısı alınmalıdır.

  1. “Dövlət dili haqqında” qanuna əməl edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması təkcə ədəbi dilə qarşı hörmətsizlik deyil, həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir. Sanki bu təhdid nəzərə alınaraq hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.
  2. Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilib (maddə 21). Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmalıdır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu ünsiyyət dövlət dilində olmalıdır.
  3. Azərbaycan dilinin dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi (ticarət və digər xidmətlər iqtisadi fəaliyyət sahəsidir), elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi qanunun tələbidir (“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 1.2. maddəsi)
  4. Yenə həmin Qanunda (maddə 17) dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının…” adında işlədilməsi tələb edilir. Eləcə də qanunda qeyd edilir: “…göstərilən təsisatların adını əks etdirən lövhələr… dövlət dilində tərtib olunur”.
  5. Yenə həmin Qanuna görə, “… bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır” (maddə 18.1.).
  6. Bakının küçələrində Azərbaycan dilində yazılan lövhələrdə hətta orta məktəb şagirdlərinin tuta biləcəyi minlərlə (!) leksik, orfoqrafik, qrammatik və punktuasiya səhvləri var. Belə kobud səhvlər dövlət orqanlarının nüfuzuna ağır zərbə vurmurmu?

 

Hörmətli Sahibə xanım!

Deyilənləri nəzərə alaraq, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən  istifadə edərək müvafiq tədbirlər görməyinizi xahiş edirik. Həmçinin istərdik ki, bir sıra əlavə məqamlara aydınlıq gətirmək üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul edəsiniz”.

Müraciəti  AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor, Solmaz Rüstəmova-Tohidi,  AMEA Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru Fəxrəddin Veysəlli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, professor Qəzənfər Kazımov, deputat Fazil Mustafa, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, professor Qorxmaz Quliyev,  yazıçı Nəriman Əbdülrəhmanlı və digər ziyalılar imzalayıb.

 

 

Əvvəlki məqalə

“Avropa İttifaqı Ukraynanı silahlandırmağa davam edəcək” –

Sonrakı məqalə

“Avropa İttifaqı Putinin qızlarına qarşı sanksiyalara hazırlaşır”-