2021-ci ildə dünyada 45 jurnalist həlak olub

02 Yanvar 2022 - 17:00

Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) cümə günü verdiyi məlumata görə, 2021-ci idlə dünya boyu ümumilikdə 45 jurnalist həlak olub. Bu isə hər hansı bir ildə təşkilatın qeydə aldığı “ən aşağı göstəricilərdən biridir.”

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı da iki həftə öncə ötən il 46 jurnalistin həlak olduğunu xəbər verib və bunun 1995-ci ildən bəri ən aşağı rəqəm olduğunu bildirib.

“Tələfatların sayının azalması müsbət hal olsa da, davam edən zorakılıqları nəzərə aldıqda, bunun verdiyi rahatlıq çox azdır,” Brüsseldə qərargahlanan IFJ təşkilatı bəyanatında bildirib.

Tələfatlara Əfqanıstandan doqquz nəfər daxildir ki, bu bir ölkədə qeydə alının ən yüksək rəqəmdir.

Bundan əlavə Meksikada səkkiz, Hindistanda dörd, Pakistanda üç jurnalist həlak olub.

IFJ media işçilərinin “daha çox icmaları, şəhərləri, ölkələrində korrupsiyanı, cinayəti və səlahiyyətlərdən sui-istifadəni ifşa etdiklərinə görə öldürüldüklərini” bildirib.

Qrupun göstəricilərinə əsasən, Əfqanıstanın daxil olduğu Asiya-Sakit okean regionu 20 nəfərlə birinci yerdə gəlir. Bunun ardınca 10 nəfərlə Amerika, səkkiz nəfərlə Afrika, altı nəfərlə Avropa və bir nəfərlə Yaxın Şərq və ərəb ölkələri gəlir. Təşkilat həmçinin İranda iki jurnalistin “ölümcül qəza” nəticəsində həyatını itirdiyini bildirib.

Təşkilat əlavə edib ki, “son illərdə silahlı münaqişə ilə əlaqəli risklər azalsa da”, Meksikadan tutmuş Avropanın Yunanıstan və Niderland şəhərlərinə qədər “cinayət qruları və narkotik kartellərindən gələn təhlükə artmağa davam edir.”

IFJ-ın baş katibi Antoni Bellanger təşkilatının “jurnalistlərin öldürülməsinə görə cavabdehliyin təmin edilməsi” məqsədilə BMT-nın jurnalistlərin müdafiəsi konvensiyasına dəstəyini vurğulayıb.

IFJ-nin rəqəmləri RSF-indən bir az fərqlidir. RSF Meksikada yeddi, Əfqanıstanda altı, Yəmən və Hindistanın hər birində dörd jurnalistin öldüyünü bildirib.