2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar və rekordlar ili olacaq –FOTO

Sığorta sektoru maliyyə dayanıqlılığının və iqtisadi təhlükəsizliyin təmin edilməsi yollarından biri olmaqla, bir növ ehtiyatlılıq tədbiridir. Sığorta mexanizmi bütün ölkələrdə müxtəlif formalarda tətbiq edilir.

Azərbaycan Sığortaçılar Assosiasiyası daha bir ili geridə qoyur. Ötən hesabat ilində sığorta sektoru bir çox yeniliklərlə yadda qaldı. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev sığorta bazarının hazırki durumu, dəyişikliklər, bu il üçün hədəflərlə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Elmar müəllim, yerli sığorta bazarı 2021-ci ildə rekord böyümə ilə ümumi daxili məhsuldakı payını yüksəltmişdi. Artıq 2022-ci il sona çatır. Başa çatmaqda olan il sığorta bazarı üçün hansı statistik nəticələrlə yadda qaldı?

– İlk növbədə, əminliklə qeyd etmək istəyirəm ki, 2022-ci il yerli sığorta bazarı üçün böyümə və inkişaf elementləri fonunda uğurlu və yaddaqalan oldu. 2021-ci ildə də sığorta sektorunda müsbət nəticələr qeydə alınıb. Belə ki, sığorta yığımları 16 faiz artımla 844 milyon manata çatıb. Bu, rekord nəticə idi. Çünki bilavasitə bunun sayəsində sığorta sektorunun ümumi daxili məhsuldakı payı 1 faizə yüksəlmişdi. Hələ ilin əvvəlindən bu nəticələrə əsaslanaraq, 2022-ci illə bağlı verdiyimiz proqnozlar da il ərzində özünü doğrultdu. Belə ki, ilin əvvəlindən yığımlarda ötən illərdən fərqli olaraq volatillik yox, davamlı böyümə qeydə alındı. Cari nəticələrə nəzər salsaq, Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanmış ən son sığorta icmalına görə, yanvar-oktyabr aylarında sığorta yığımları 2021-ci ilin analoji dövrü ilə müqayisədə 92 milyon manat artaraq 797 milyon manat təşkil edib. Maraqlıdır ki, bu artımda icbari sığorta növləri ilə yanaşı, könüllü sığorta növləri də aktiv rol oynayıb. Hesabat dövründə yığımlarında ciddi artım olan sığorta növləri sırasında həyatın yaşam sığortası (artım 104 milyon manat), tibbi sığorta (artım 8,3 milyon manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (artım 7,8 milyon manat), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (artım 6,1 milyon manat), kasko sığorta (artım 2,2 milyon), səfər sığortası (artım 1,8 milyon manat) və s. sığorta növlərini misal göstərə bilərik. Haqqında danışdığımız 10 aylıq sığorta icmalına görə, sığorta ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 42 milyon manat azalaraq 359 milyon manat olub. Bu da o deməkdir ki, sığortalı predmetlərdə hadisələrin sayı azalıb. Hadisələrin sayının azalması isə sığortalıların qarşısıalınma tədbirlərinə daha ciddi və daha məsuliyyətli riayət etməsi ilə bilavasitə bağlıdır.

– İl ərzində sığorta sektorunun inkişafının təmin edilməsi və boşluqların aradan qaldırılması məqsədilə nə kimi addımlar atılıb?

– 2022-ci ildə sektorun dayanıqlı inkişafı məqsədilə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu bir sıra məqsədyönlü tədbirlər həyata keçirdi. Belə ki, bu istiqamətdə mən həm sektorun inkişafına maneə yaradan halların aradan qaldırılması ilə bağlı qanunvericiliyə dəyişiklik layihələrinin hazırlanmasını, eyni zamanda, konkret sığorta növlərinin inkişafı üçün həyata keçirilən mütərəqqi tədbirləri vurğulaya bilərəm. İl ərzində ASA olaraq sektorda kadr potensialının formalaşdırılması və təlim-tədris prosesinin təşkili məqsədilə aparıcı ali təhsil ocaqları olan Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə qarşılıqlı əməkdaşlıqlar qurduq. Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə qurduğumuz əməkdaşlığa görə, ölkədə ali təhsil səviyyəsində sığorta ilə bağlı sistemli təhsilin bərpasına nail ola biləcəyik. Belə ki, ilk növbədə, universitetin tərkibində fəaliyyət göstərən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində mövcud olan, lakin fəaliyyət göstərməyən sığorta bölməsinin fəaliyyətini universitetlə birgə təşkil edəcəyik. Bununla da yerli sığorta bazarında fəaliyyət göstərən peşəkar sığorta mütəxəssisləri də pedaqoji fəaliyyətə cəlb ediləcək. Artıq 2023-cü ildən tədris planının hazırlığına başlamağı nəzərdə tuturuq.

Paralel olaraq, sığorta sektorunda rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, eyni zamanda, kibertəhlükəsizlik imkanlarının genişləndirilməsi, o cümlədən sahibkarların sığortaya cəlb olunması istiqamətlərində də müxtəlif dövlət və özəl təşkilatlarla görüşlər keçirərək birgə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdik. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın sığorta bazarında son illər yaranmış canlanma və böyümə, rəqəmsal sığorta sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətini çəkib. Assosiasiyamıza bununla bağlı saysız müraciətlər daxil olur. ASA olaraq müvafiq müraciətlərdəki təkliflərin bazara uyğunluğunu müəyyənləşdirmə mərhələsindəyik. 2023-cü ildə ən uğurlu təklifin yerli bazarda tətbiqini həyata keçirəcəyik. Cari il ərzində ASA olaraq sektordakı problemlərin həllinin sürətləndirilməsi və cari vəziyyətin əsaslı təhlili məqsədilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə də görüş keçirdik. Görüşdə sektoru narahat edən məsələlər və əhalinin sığortaya əlçatanlığının təmin olunması ilə bağlı mümkün imkanlar geniş müzakirə edildi. Bu görüş ilə biz Milli Məclisin sığorta sektoruna diqqətinin və həssas yanaşmasının şahidi olduq. Müvafiq görüşdə əldə olunan razılığa görə, Milli Məclisin komitə iclaslarında sığorta ilə bağlı məsələlər müzakirə ediləcəyi təqdirdə parlamentdə sığorta sektorunu Azərbaycan Sığortaçılar Assosiasiyası təmsil edəcək.

Həyata keçirilən mütərəqqi yeniliklərdən biri də məhz avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə bağlı oldu. Belə ki, bildiyiniz kimi, cari il oktyabrın 1-dən etibarən adı çəkilən sığorta növü üzrə baza sığorta haqqı sabit qalmaqla risk əsaslı yeni əmsalların tətbiqinə başlandı. Bu yeniliklə ədalətlilik prinsipi təmin olundu və dövrün aktual riskləri mövcud reallığa uyğunlaşdırılmaqla qiymətləndirilməyə başlandı. Adıçəkilən növlə bağlı daha bir yenilik isə 2022-ci il noyabrın 1-də tətbiq olundu. Bu, zərərlərin birbaşa tənzimlənməsi mexanizmidir. Biz sığortaçılar bu yeniliyi sığorta sektorunda yeni bir eranın başlanğıcı olaraq dəyərləndiririk. Belə ki, noyabrın 1-dək tətbiq edilən qaydalara əsasən, hadisə nəticəsində zərər görmüş avtomobilin zərərini zərərvuran avtomobilin sığortalandığı şirkət qarşılayırdı. Amma noyabrın 1-dən etibarən tətbiq olunan zərərlərin birbaşa tənzimlənməsi mexanizmi ilə isə hadisə nəticəsində zərər görmüş avtomobilin sahibi artıq öz sığorta şirkətinə müraciət edib zərərini qarşılaya bilir. Hesab edirik ki, bu yenilik həm müştəri məmnuniyyətinin yüksəldilməsinə, həm də sığorta şirkətləri arasında rəqabətin canlanmasına səbəb oldu.

Onu xüsusilə vurğulamaq istəyirəm ki, bu gün sığorta sektorunda müşahidə edilən canlanma və inkişaf bu sektora nəzarətedici qurum olan Azərbaycan Mərkəzi Bankı ilə bilavasitə bağlıdır. Çünki məhz Mərkəzi Bankın həyata keçirdiyi mütərəqqi və məqsədyönlü nəzarət və tənzimləmə tədbirləri nəticəsində, eyni zamanda, Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəkverici addımları sayəsində sektorda yeni inkişaf meyilləri formalaşır, bazar iştirakçılarının fəaliyyəti və xidmət keyfiyyəti beynəlxalq çağırışlara uyğunlaşdırılır.

– Bu gün sahibkarların və əhalinin sığorta məlumatlılığını necə dəyərləndirirsiniz? Sığorta savadlılığının artırılması ilə bağlı hansı addımlar atılır?

– Çox maraqlı məqama toxundunuz. Həqiqətən də bu gün istənilən xidmət sahəsi ilə bağlı əhalidə və sahibkarlıq subyektlərində məlumatlılığın və maarifləndirmənin təmini prioritet istiqamət olmalıdır. Bu gün yerli əhalinin və sahibkarların sığorta ilə bağlı məlumatlılığı və yanaşması bizi qane etmir. Biz sığortaçılar mövcud və potensial sığortalılarda məhdud məlumatlılıqla yanaşı, sığorta xidmətlərinə qarşı konspirativ və konservativ yanaşmanı da müşahidə edirik. Lakin sevindirici haldır ki, mövcud yanaşma mərhələli şəkildə aradan qaldırılır və məlumatlılıq təmin olunur. Çünki bildiyiniz kimi, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanmışdı. Müvafiq sənədə əsasən, 2021-ci ildən etibarən memorandum tərəfləri ilə sığorta şirkətləri birlikdə ölkə ərazisində sığorta savadlılığının artırılması ilə bağlı layihənin icrasına başlayıb. 2021-ci ildə ölkə əhalisində risk fərqindəliyinin formalaşdırılması, risklərin tənzimlənməsində sığorta mexanizminin rolu istiqamətində geniş təbliğat tədbirləri keçirildi. Nəticədə sektorda böyümə trendi təmin olundu. Müvafiq layihə çərçivəsində 2022-ci ildə daha çox konkret sığorta növləri üzrə maarifləndirmə işləri aparıldı. Burada biz daşınmaz əmlakın icbari sığortası və kasko sığortası növlərini misal göstərə bilərik. Bildirmək istəyirəm ki, müvafiq layihə 2023-cü ildə də davam etdiriləcək və əhali ilə yanaşı, biznes subyektləri də sığortanın vacibliyi və əhəmiyyəti ilə bağlı məlumatlandırılacaqlar.

Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, sahibkarlarda sığorta vərdişlərinin formalaşdırılması və onların sığorta məlumatlılığının təmin olunması yönündə də ciddi addımlar atırıq. 2022-ci ilin dekabrında ASA ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi arasında baş tutan görüşdə də hər iki qurum sahibkarların sığortaya cəlb edilməsi ilə bağlı birgə layihələrin icra olunması ilə bağlı razılığa gəldi. 2023-cü ildə KOBİA ilə birlikdə xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarların sığortaya əlçatanlığının təmin olunması ilə bağlı müxtəlif genişmiqyaslı layihələr həyata keçirəcəyik.

– Yerli sığorta bazarının hazırki beynəlxalq əməkdaşlıq siyasəti necə səciyyələndirilə bilər?

– Yeni inkişaf meyillərinin müəyyənləşdirilməsi üçün beynəlxalq trendlərin izlənilməsi və dünya təcrübəsinin mütəmadi olaraq öyrənilməsi vacib amildir. Bu istiqamət biz sığortaçılar üçün də prioritetdir. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq hələ 2020-ci ildə qardaş Türkiyə ilə sığorta sahəsində qurduğumuz əməkdaşlığı 2022-ci ildə daha da inkişaf etdirdik. Belə ki, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyinin birgə təşəbbüsü və ortaq razılığı, eyni zamanda, təşkilatçılığı ilə 2022-ci ilin may ayında İstanbulda təşkil olunmuş Beynəlxalq Sığorta Konqresinin zirvə toplantısında Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın və Qırğızıstanın sığorta birlikləri rəhbərlərinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi təsis edildi. ASA bu Birliyin Yol xəritəsini hazırladı və bu strateji fəaliyyət xəritəsi yeni yanaşmalara imkan yaratdı. Belə ki, Birliyə üzv ölkələrin başlıca məramı və istəyi Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının tərkib hissəsi kimi fəaliyyət göstərməsinin təmin edilməsi yönündədir. Bununla əlaqədar olaraq Birliyin Nizamnaməsi də hazırlanır. Bu Nizamnamə ilə yanaşı, Yol xəritəsi də 2023-cü ilin mart ayında Türkiyənin Antalya şəhərində keçiriləcək Beynəlxalq Sığorta Konqresində beş türkdilli ölkənin sığorta birliklərinin iştirakı ilə müzakirə ediləcək. Qeyd etmək istəyirəm ki, Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi birliyə üzv olan türkdilli dövlətlərin sığorta bazarları arasında əlaqələr qurmaq, kadr, təcrübə və məlumat mübadiləsi aparmaq, təkrarsığorta üzrə əməkdaşlıqları inkişaf etdirmək və ortaq sığorta hovuzunu təşkil etməkdən ibarətdir.

Yerli sığorta bazarının beynəlxalq əməkdaşlıq əlaqələri təbii ki, bununla da yekunlaşmır. Qürur hissi ilə bildirmək istəyirəm ki, hələ ötən il Azərbaycan Sığortaçılar Assosiasiyası ilk dəfə olaraq nüfuzlu beynəlxalq sığorta təşkilatlarına – Sığorta Assosiasiyaları Qlobal Federasiyasına və “Insurance Europe” təşkilatına üzv seçilmişdi. Assosiasiya olaraq bu təşkilatların toplantılarında mütəmadi qaydada aktiv iştirak edir, dünya trendləri ilə yaxından tanış oluruq.

– Sığorta sektoru olaraq 2023-cü ildən başlıca gözləntiləriniz, hədəfləriniz və proqnozlarınız nədən ibarətdir?

– Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqləndi. Strategiyaya əsasən, yerli sığorta bazarının 2022-2026-cı illərdə böyümə hədəfi 10 faiz həcmində müəyyənləşdirilib. 2021-ci ildə böyümə 16 faiz həcmində qeydə alındı. Hesab edirəm ki, 2022-ci ilin ümumi cari illik nəticələri açıqlanarkən böyümənin yenə 10 faizi ötəcəyini müşahidə edə bilərik. Çünki müsahibə ərzində də qeyd etdiyim kimi, yerli sığorta bazarı yeni və dayanıqlı inkişaf mərhələsindədir və sektorda davamlı artım trendi tam təmin olunmuş vəziyyətdədir. 2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar, yeni irəliləyiş göstəriciləri və yeni müsbət rekordlar ili olacaq. Sevindirici haldır ki, ölkədə sığorta vərdişləri tədricən və mərhələli şəkildə davamlı olaraq formalaşır. Əksər vətəndaşlarımız artıq qəbul edirlər ki, risk qaçılmazdırsa, sığorta da inkarolunmazdır. Çünki həyat sığorta ilə rahatdır.

Əvvəlki məqalə

“Separatçılara yalan siqnallar göndərməyin!”

Sonrakı məqalə

İranda aksiyalarda qətlə yetirilənlərin 40 mərasimləri etirazlarla qeyd olunub-