“247 nəfərin adını medal siyahısından kim çıxarıb?” –Müharibə iştrakçısı Hafiz Əhmədov prezidentə müraciət etdi

Jurnalist, Vətən müharibəsinin iştrakçısı Hafiz Əhmədov prezident İlham Əliyevə müraciət edib. 
Azpost.info müraciəti təqdim edir:
Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Vətən Müharibəsinin Könüllü Əsgəri
Hafiz Əhmədovdan
AÇIQ MƏKTUB
Cənab Ali Baş Komandan!
Əvvəlcə qeyd edim ki, sizə Vətən Müharibəsi zamanı əmrlərinizi icra etdiyimiz Ali Baş Komandanımız kimi müraciət edirəm. Yadınızdadırmı, Tovuz Döyüşləri zamanı axşam saatlarında yayımlanan çıxışınızda belə cümlələr işlətmişdiniz: “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Hazırda müraciət edənlərin sayı isə cəmi 150 nəfərdi”. Sizin bu çıxışınızın səhəri, saat 08:45-də Tovuz Rayon Hərbi Komissarlığının önündə durub, qapı açılmasını gözləyirdim. Nəhayət qapı açıldı və sol tərəfdə balaca otaqda stolun üstündə duran göy üzlü dəftərə siz çıxışınızda vurğuladığınız bütün məlumatları qeyd etdirən, aşağıda öz imzasını çəkən və həmin gün rayonda Könüllü Əsgər kimi qeydiyyatdan keçən də ilk mən olmuşam. Həmin göy üzlü dəftər Tovuzda Hərbi Komissarlıqda bu gün də durur, istəsəniz yoxlada bilərsiniz. Bir müddət sonra, yəni ötən ilin sentyabrın 20-də, kənd icra nümayəndəsi zəng edib bildirdi ki, “sabah səhər tezdən Tovuz rayon Hərbi Komissarlığında ol!”. Beləliklə, sentyabrın 21-dən etibarən Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının ən müasir hərbi hissəsində Səfərbərlik Təlimlərinə qoşuldum. Həmin hərbi hissəyə Könüllü Əsgər kimi gətirilənlərin sayı 247 nəfər idi. Qeyd etdikləri hərbi vəzifələrimizə uyğun olaraq bizi sentyabrın 26-da böldülər, və hərbi hissənin müxtəlif bölmələrinə göndərdilər. Səhər tezdən sizin əmrinizlə əks hücum əməliyyatlarına başladıq. Biz də əvvəlcədən təyin olunmuş hərbi vəzifələrimizə uyğun olaraq Komandirlərimizin əmr və göstərişlərini icra etdik.
Cənab Ali Baş Komandan!
Vətən Müharibəsi zamanı mənim bütün fəaliyyətim, hərbi vəzifəm, xidmətim, müddəti və s. bütün məlumatlar hərbi biletimdə qeyd olunub və rəsmi möhür də vurulub. Hərbi sirr təşkil edən məlumatlar istisna olmaqla hərbi bilətimdəki həmin qeydləri sizinlə, yəni burada paylaşıram. Mənim 30 yaşım var. Və bu yaşda Azərbaycan Ordusunda Könüllü Əsgər kimi xidmət etməyimlə qürur duyuram, hər zaman da qürur duyacam. Amma bir şikayətimiz də var. Vətən Müharibəsində 247 nəfər Könüllü Əsgər kimi xidmət etdiyimiz həmin hərbi hissədə heç birimiz medalla təltif olunmadıq. Çox təəssüflər olsun ki, həmin hərbi hissədəki Könüllü Əsgər heyətinin tam siyahısı medal və təltiflər üçün Müdafiə Nazirliyinə göndərilmiş siyahıdan çıxarılıb. Bizə də bu barədə heç bir məlumat verilməyib. Kim, nə üçün və niyə həmin hərbi hissədə Könüllü Əsgər olan 247 nəfərlik tam heyətin adını medal və təltif siyahısından çıxarıb?!
Qeyd edim ki, mənim 247 Könüllü Əsgər yoldaşım kasıb, fəhlə, əli qabar, işsiz Vətəndaşlarımızın övladları idi. Demək olar ki, hamısı ali təhsilsiz, bəlkə də orta məktəb də bitirməmiş, zəhmətkeş, mərd, Vətəni sevən gənclər idi. Və əksəriyyəti də pandemiya zamanı işsiz kimi qeydiyyatdan keçərək 190 manat almış kənd sakinləri idi. Amma bu Vətənin dar günündə harayına gəlmişdilər, bu Vətən uğrunda döyüşmək üçün Könüllü Əsgər olmuşdular. Bir çoxları yazıb, oxumağı, heç xəritədə Qarabağın yerini də göstərə bilmirdilər amma, “Qarabağ Azərbaycandır!” deyərək Azərbaycan Ordusunun sıralarına qoşulmuşdular və Vətənimizin bütövlüyü uğrunda gedən Vətən Müharibəsində Könüllü Əsgər idilər. Komandirlərimizin əmr və tapşırıqlarını vaxtında, dəqiq və düzgün icra etdik. Və Qalib Azərbaycan Ordusunun Könüllü Əsgəri olmağımızla fəxr edirik!
Siz isə 70 mindən çox Vətən Müharibəsi iştirakçısının müxtəlif medal və ordenlərlə təltif edilməsi ilə bağlı sərəncamlar imzaladınız. Bizim Hərbi hissə Komandirimizi də Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif etdiniz. Amma çox təəssüflər olsun ki, həmin Vətən Müharibəsi Qəhrəmanının idarə etdiyi hərbi hissədə Könüllü Əsgər olan 247 nəfərdən heç birimizin adı həmin sərəncamlar siyahısında çıxmadı. Çünki bizim adlarımızı kimsə və yaxud kimlərsə siyahıdan çıxartdırmışdı. Axı necə ola bilər ki, hərbi hissə komandiri və müavinləri ən yüksək fəxri adlarla təltif olunan bir hərbi hissədə Könüllü Əsgər olan 247 nəfərin heç biri adi medalla da təltif olunmasın?! Axı həmin yüksək fəxri adlara layiq gördüyünüz hərbçilərin müharibə zamanı bütün əmr və tapşırıqlarını biz Könüllü Əsgərlər icra etmişik…
Təbii ki, bu cür yad münasibət biz Könüllü Əsgərlərə çox pis təsir edir. Vətən Müharibəsi zamanı qorxub qaçan, gizlənən, pul verib səfərbərlik siyahılarından adlarını sildirənlər, saxta həkim rəyləri alanlar, fərarilərlə bizim kimi Vətən Müharibəsinin Könüllü Əsgərləri arasında heç bir fərq qoyulmaması həm mənəvi, həm psixoloji, bütün cəhətlərdən bizə çox mənfi təsir edir. Döyüşlərdə iştirak etdiyimiz Cəbrayıl, Fizuli və Qubadlı ilə bağlı medallar bir yana, halal haqqımız olan Vətən Müharibəsi İştirakçısı medalına da bizim layiq görülməməyimiz sadəcə olaraq çox təəssüf doğurur… Əlbəttə ki, bu məkrli işlərin arxasında kimlərsə durur və biz bunu bilmirik.
Bir neçə ay öncə sosial şəbəkədə bu mövzuda yayımladığım statusa uyğun olaraq Tovuz rayonunun millət vəkili hörmətli Arzu Nağıyev mənimlə əlaqə saxladı. Bütün şikayət və təkliflərimi qeyd edib Müdafiə Nazirliyinə rəsmi məktub göndərdi.
14 iyul 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Pk/lnt. E.Qasımov həmin məktubla bağlı mənə zəng edib bildirdi ki, sizin sənədlərinizi yoxladıq, tam düzgündür və Müdafiə Nazirliyinə göndərdik. Qeyd etdi: “3 rayon: Cəbrayıl, Fizuli və Qubadlı ilə bağlı sizə 3 medal veriləcək”.
29 iyul 2021-ci ildə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin Hərbi Rütbələr və Təltiflər Şöbəsinin rəisi, sizin də medalla təltif etdiyiniz Günel xanım Abbasovanın imzası ilə rəsmi məktub aldım. Məktubda qeyd olunub: “Xidmət etdiyiniz hərbi hissə tərəfindən təltif olunmağınız barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmamışdır. Araşdırma və müvafiq tədbirlərin görülməsi üçün müraciətiniz xidmət etdiyiniz hərbi hissəyə göndərilmişdir”. Hərbi hissədən bir cavab gözlədim…
21 avqust 2021-ci ildə Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif etdiyiniz hərbi hissə Komandirimiz P/lt. E.Qebedovla telefonla əlaqə saxladım və müraciətimə cavab öyrəndim: “Sizin şikayətiniz barədə məlumatlıyam. Yazdıqlarınızı da oxudum. Düzgün qeyd edibsiniz. Mən yazdıqlarınızda səhv görmədim. Sizin şikayətlə bağlı deyə bilərəm ki, biz müharibədən sonra təltif və medallarla bağlı Müdafiə Nazirliyinə böyük siyahı göndərmişdik. Sizin adlarınızı da qeyd etmişdik. Nazirlikdən həmin siyahını geri göndərdilər. Dedilər ki, ixtisar edin, qısaldın siyahını. İkinci dəfə yenə də böyük siyahı göndərdik. Bu dəfə də Nazirlik həmin siyahını üzümüzə geri göndərdi. Dedilər ki, çox az olsun, qısaldın. Biz də adlarınızı siyahıdan çıxartmalı olduq və çox qısa siyahı göndərdik. Buna görə başımız çox ağrıyır, çox şikayətlər alırıq. Qeyd etdiyim kimi, bu birbaşa yuxarının göstərişi idi, ona görə də belə etdik. İstəsəniz gəlin hərbi hissəyə sizə bir arayış verək” – tam da bu cümlələri dedi Vətən Müharibəsi Qəhrəmanı olan Komandirimiz.
Bununla bağlı Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri Komandanlığına göndərdiyim məktublara isə heç bir cavab verilmədi. Çox təəssüflər olsun ki, şikayətimizi obyektiv araşdırıb, düzgün qərar verən olmadı.
Cənab Ali Baş Komandan!
Siz ötən çıxışlarınızın birində qeyd etdiniz:
“Əlbəttə ki, silahlar, texnologiya bir çox şeyləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan Əsgərdir! Əgər o getmirsə heç bir silah sənə kömək edə bilməz!”
Mən də, mənim 247 Könüllü Əsgər yoldaşım da Vətən Müharibəsində Könüllü Əsgər olmuşuq, Komandirlərimizin bütün əmr, tapşırıqlarını canla-başla yerinə yetirmişik və bununla da qürur duymuşuq. Artıq Qələbəmizin ildönümünə sayılı günlər qalıb, amma biz hələ də kimlərinsə məkrli oyununa alət olmuşuq, haqqımız tapdalanır, haqqımız göz görə-görə yeyilir, şikayətimizə baxılmır. Bizim haqqımız olan təltif, medallar Vətən Müharibəsində gizlənən, zərrə qədər də əməyi olmayan, Vətən sevgisindən məhrum insanlara verilir. Sizdən nə əlillik dərəcəsi, nə pensiya, nə əmək haqqı, nə mənzil, nə də o uca adları gözləmirik… Sadəcə olaraq haqqımız olanı gözləyirik. Biz Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət etdik. Bu qoşun növü ilə də, Qəhrəman Komandirimiz, Döyüş Heyətimizlə də fəxr edirik. Biz birlikdə tarix yazdıq, şanlı tarixə yazıldıq. Siz Ali Baş Komandansınız. Biz sizin əmrlərinizi icra etdik, Zəfər çaldıq, Qalib Azərbaycan Ordusunun Könüllü Əsgərləri olduq. Sizdən tək istəyimiz budur ki, bizi bu Vətəni sevməyənlər, Vətənin dar günündə gizlənənlər, atanlar, satanlar, yatanlarla eyni pillədə tutmasınlar. Metaldan, dəmirdən bir parçamız olsun o xainlərin gözlərinə soxaq, ürəklə deyək ki, bizim də əməyimizə dəyər verildi. Yoxsa hərbi biletimizdə xidmətlərimiz qeyd olunan 7 və 5-ci səhifələri kəsib boynumuzdanmı asaq?! Bunumu istəyirlər?! Bu qeyd etdiklərim tək mənim deyil, 247 Qəhrəman Könüllü Əsgər Yoldaşımın sözləridir. Onlar hər gün mənə zəng edib, yazırlar, utanclarını ifadə edirlər. Çünki, xain, qorxaqların gözü də, sözü də mərdi qovmaq, namərdə çevirməkdir. Bizim isə vicdanımız təmiz, alnımız da açıqdır. Çoxumuz ailə, övlad sahibidir. Sabah o medalı qürurla göstərəcəyik ki, bu da bizim haqqımızdır! Amma təəssüf ki, haqqımız da ayaqlar altında tapdanır…
Bilirəm ki, qorxaqlar bu qeydlərimi heç “like” da etməyəcəklər, bəzi sözdə “vətənpərvər” media orqanları görməzdən gələcəklər və bu açıq məktubun sizə çatmaması üçün əllərindən gələni edəcəklər. Amma mən yazdım. Haqsızlıqlarla üzləşən Könüllü Əsgər Yoldaşlarımın, Hərbçi qardaşlarımın narazılığını ifadə etməyə çalışdım. Siz bir Ali Baş Komandansınız. Biz isə Vətən Müharibəsinin Könüllü Əsgərləri. Ümid edirəm ki, bu məsələ ilə bağlı öz göstərişinizi verəcəksiniz, bu qanunsuz, məkrli əməllərlə məşğul olanlar barədə tədbir görəcəksiniz, haqq sahiblərinə də haqqlarını geri qaytaracaqsınız. Biz Azərbaycan Ordusu ilə qürur duyuruq və hər zaman Ordumuzlayıq!
Hörmətlə,
Vətən Müharibəsinin Könüllü Əsgəri
Əhmədov Hafiz.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Allahşükür Paşazadə Moskvaya gedir

Sonrakı məqalə

“Ərazimizdə terrorçu yoxdur…Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək” –