28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq –Deputatlar nəyə etiraz etdilər?

Bayram elan edilmiş 28 May Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü iş günü olacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Deputat Fazil Mustafa çıxışında deyib ki, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü də qeyri-iş günü olmalıdır. “18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün də qeyri-iş günü olması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməlidir. Qeyri-iş günü hesab olunmursa, bunun səbəbi izah edilməlidir”, – deyə deputat bildirib.

Deputatlar Əli Məsimli və Sabir Rüstəmxanlı da bu təklifi dəstəkləyib.

Spikerin birinci müavini Əli Hüseynli 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olmasını təklif edən deputatlara cavab verib: “Biz komitədə məsələni müzakirə edəndə peşəkar hüquqşünaslar dedi ki, bu, texniki dəyişiklikdir. Amma mən bildirdim ki, bu mövzuda çıxış edənlər, populizm axtaranlar olacaq”.

Ə. Hüseynli bildirib ki, indiyə kimi 18 oktyabra etinasız yanaşma olmayıb: “Burda səsləndirilən fikirlər elə göstərir ki, indiyə kimi 18 oktyabrı qeyd etməmişik. Qeyri-iş günləri həmin günün dəyərini azaltmır. Hansısa bayramın gününü alıb digər bayramı qeyd etmək fikrini qəbul edə bilmərəm. Bu layihə sadəcə texniki xarakter daşıyır, uyğunlaşdırmadır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Əmək Məcəlləsinə dəyişiklik isə uyğunlaşdırma xarakteri daşıyır.

Xatırladaq ki, bundan əvvəl mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunub.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şeyxülislam həmişə məzhəbçi yox, ümmətçi olub” –

Sonrakı məqalə

Gələn il büdcəsində neftin qiyməti 50 dollar müəyyənləşdirilib