33 il əvvəl SSRİ deputatları Qarabağla bağlı Qorbaçovdan nə tələb edib? –Şeyxülislam deputat mandatından niyə imtina edib?  

Bu gün Azərbaycana qarşı ən iyrənc böhtanlarla çıxış edən Ermənistanın ötən 30 illik işğalı özünün qanlı izlərini saxlayır.

Vətən Müharibəsi erməni vəhşiliyinin acı mənzərəsini bütün dünyaya nümayiş etdirdi. Yerlə yeksan edilmiş rayonlar, dağıdılmış qəbirlər, ibadətgahlar, öldürülümüş minlərlə günahsız dinc insan işğalın geridə qalmış qanlı izini saxlayır.

Bu nankor düşmənə xatırlatmalı çox səhifələr var.

Belə qanlı və ağır hadisələrdən birinin bu günlərdə 33 ili tamam olur.

1990-cı ilin martında erməni silahlı dəstələrinin Qazax rayonunun Bağanıs-Ayrım kəndində törətdikləri dəhşətli qırğın xalqın yaddaşından silinməz iz qoydu.

1990-cı ilin martın 23-dən 24-nə keçən gecə erməni silahlı dəstələri Qazax rayonunun Bağanıs -Ayrım kəndinə hucum etdilər. Qabaqcadan təşkil edilmiş plan əsasında hücuma məruz qalan kənd  martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olundu.  Xüsusu strateji əhəmiyyəti olan Bağanıs Ayrım kəndi İcevan–Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçirmişdi.

İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutuldu. Kənddə 5 nəfərdən ibarət ailə xüsusi amansızlıqla qətlə yetirilərək, yandırılmışdı. Bundan başqa, 10 nəfər dünyasını dəyişdi, 15 nəfərdən çox insan yaralandı, 100-dən  çox evi olan kənd talan olundu, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənildi.

Bununla da Bağanıs Ayrım ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşdü.

Bu qanlı hucum ölkənin ictimai –siyasi həyatında böyük rezonans verdi.

Sovet rəhbərliyinin hadisəyə etinasız münasibəti Azərbaycan cəmiyyətində ciddi etiraza səbəb oldu. Ölkənin tanınmış ictimai xadimləri, ziyalıları mərkəzi hakimiyyətdən  bu hərbi cinayəti araşdırmağı tələb edirdilər.

1990-cı il martın 31-də Azərbaycandan seçilmiş SSRİ xalq deputatları prezident Mixail Qorbaçova müraciət ünvanlayaraq, Ermənistanın hucumuna, Bağanıs Ayrım faciəsinə qiymət verilməsini istədilər. Deputatlar imzaladıqları bu müraciətdə Qarabağ probleminin həllində Moskvanın birtərəfli mövqeyinə ciddi etirazlarını bildirmişdilər.

Azərbaycandan olan SSRİ xalq deputatlarının imzaladığı müraciətdə deyilirdi: “Bu il martın 24-də və 26-dək erməni yaraqlıları Ermənistanla bütün sərhəd boyunca Azərbaycan SSRİ ərazisinə silahlı basqın etmişlər. Silahlı hucum zamanı müasir avtomatlar və ağır artelleriya işlədilib. Qazax rayonunun sərhədyanı kəndləri və Naxçıvan MSSR-in Sədərək kəndi top atəşinə tutulub. Erməni terrorçuları Azərbaycan dəmir yolunun Ermənistan SSR-in Mehri rayonu ərazisindən keçən hissəsində partlayış törədiblər. Noraşen-Bakı qatarının sərnişinləri qurban getməli idilər, yalnız xoşbəxtlikdən heç kəsə xəsarət dəyməyib. Aydın deyil ki, Sovet Ordusunun və daxili qoşunların rəhbərliyi nəyə görə terrorçuların azğın hərəkətlərinə fikir vermir? Ermənistan ərazisindən yaxşıca silahlanmış və Azərbaycan SSR-ə qarşı elan edilməmiş müharibə aparan çoxminli ordunun əməllərinə niyə göz yumur?

Azərbaycandan olan SSRİ xalq deputatları sizə müraciət edərək sizə verilmiş bütün prezident səlahiyyətlərindən istifadə edərək təxirəsalınmaz tədbirlər görməyi təkidlə tələb edirlər:

Ermənistan SSR-də əslində nizami orduya çevrilmiş silahlı dəstələrin dərhal tərksilah edilməsi üçün qoşunlardan istifadə edilsin.

 

-Zaqafqaziyaya silah, o cümlədən ən müasir silahlar gətirən kanallar təcili sürətdə müəyyən edilsin”.

 

Müraciəti  SSRİ xalq deputatı olan Anar, Arif Məlikov, Mirzə İbrahimov, Həsən Turabov, Şeyxülislam Allahşükür Paşazadə və digərləri imzalamışdı.

Digər bir müraciəti isə Azərbaycanın yeddi ictimai-siyasi təşkilatı qəbul etmişdi. Həmin müraciətdə deyilirdi ki, martın 24-26-da edilən hucumları Azərbaycan SSR-in süverenliyinə və ərazi bütövlüyünə silahlı qəsd kimi qiymətləndirirlər:

“Biz sual edirik? Cəzasızlıq nə vaxta qədər davam edəcək? Nə üçün 7 milyonluq Azərbaycan xalqı DQMV-in 140 min nəfərlik erməni əhalsinin iddialarına qurban verilir? Nə üçün Azərbaycan paytaxtında fövqəladə vəziyyət qüvvədədir, ölkənin ictimai-siyasi, mədəni həyatını iflic edir, amma qanunun cəzaverici qılıncı beynəlxlaq ekstemizimin və terrorizm yuvası olan Ermənistanda kəsərdən düşür?

Erməni millətçilərinə, qanlı münaqişənin təşkilatçılarına qarşı dərhal ən qəti və təsirli tədbirlər görməyi, quldur birləşmələrinin tərksilah edilməsini və cəzalandırılmasını tələb edirik”.

Bu müraciəti “Qayğı” Cəmiyyəti, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi, Qarabağa Xalq Yardımı Komitəsi, Qaçqınlar Cəmiyyəti, Respublika Qadınlar Şurası, “Vətən” Cəmiyyəti, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Şurası, Azərbaycan Ziyalıları Demokratik İttifaqı imzalamışdı.

Həmin günlərdə daha bir ciddi addım Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə tərəfindən atıldı.  Şeyxülislam Allahşükür Paşazadə SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinə, 20 yanvar qırğının səbəbkarı Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz əlaməti olaraq, SSRİ Xalq deputatı mandatından imtina etdi.

Bundan 2 ay əvvəl isə A.Paşazadə 20 yanvar qırğınına görə Mixail Qorbaçovu sərt ittiham etmişdi. QMİ sədrinin bu bəyanatı bütün dünyada böyük rezonans doğurdu.

Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadənin yürüdülən bu siyasətə etiraz olaraq SSRİ xalq deputatı mandatından imtina etməsi ciddi demarş idi.

SSRİ rəhbərinin loyal mövqeyindən istifadə edən Ermənistanın və Dağlıq Qarabağda separatizmi körükləyən dairələr Azərbaycanın dinc əhalisinə qarşı ilk fürsətdə terror törətməkdən çəkinmirdilər. Azərbaycan kommunist rəhbərliyinin Moskva qarşısında müti duruşu və xalqın müdafiəsini təşkil etməkdə bacarıqsızlığı da bu qanlı hadisələrin artmasına imkan yaradırdı.

Belə bir şəraitdə ölkənin tanınmış ictimai xadimlərinin və siyasətçilərinin SSRİ rəhbərliyinin qərəzli və birtərəfli siyasətinə birgə etirazı mühüm əhəmiyyət daşıyır, xalqın etiraz səsinə çevrilirdi.

O dövrün KİV-lərinə baxdıqda görmək olur ki, 44 günlük müharibə zamanı proseslərin mərkəzində olan QMİ sədri Allahşükür Paşazadə 33 il əvvəl də ilk gündən bu etiraz dalğasında ictimai-siyasi xadimlərlə bir cərgədə yer alıb.

A.ABBASOV

 

 

Əvvəlki məqalə

“Ermənistan hərbçisinin ölümcül yaralanması barədə xəbər yalandır” –

Sonrakı məqalə

Hulusi Akar Sergey Şoyqu ilə Qarabağ məsələsini müzakirə edib