“44 günlük müharibə ilə regionda strateji zəlzələ oldu” –

ABŞ-ın Azərbaycandakı sabiq səfiri
06 Noyabr 2021 - 10:50

“44 günlük müharibədə Azərbaycan əzəli torpaqlarını işğaldan azad edib. Bu, regionda strateji bir zəlzələyə bənzəyir”.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (2015-2018-ci il) Robert Sekuta bildirib.

R. Sekuta deyib ki, belə strateji dəyişiklik strateji baxışın formalaşmasına gətirib çıxaracaq: “Hələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imazalanmayıb, arəşkəs sülh demək deyil, iki tərəf tam əminlik hissinə malik deyil. Biz həm azərbaycanlılara, həm də ermənilərə kömək etməliyik, bu bizim maraqlarımıza da uyğundur. Əgər Mərkəzi Asiya və Cənubi Qafqaza baxsaq, bu region dünyada ən az inteqrasiya olunmuş regionudur, bu da iqtisasi inkişafa, rifaha mane olur. ABŞ və Türkiyə Cənubi Qafqazdan neft və qaz kəmərlərin çəkilməsi sahəsində əməkdaşlıq edib. Regionun inteqrasiyası istiqamətində səylər davam etməlidir”.

ABŞ-ın sabiq səfiri qeyd edib ki, 30 il ərzində davam edən münaqişə azərbaycanlılar və ermənilər arasında düşmənçilik münasibətləri formalaşdırıb. O deyib ki, xüsusilə də gənc nəsildə bir birinə qarşı nifrət var, çünki yaşlı nəsildən fərqli olaraq, onlar hər iki xalqın sülh içində birgə yaşaması ilə bağlı təcrübəsi yoxdur: “Bu məsələdə hər iki ölkənin hökumətlərinin üzərinə böyük iş düşür, onlar bunun üzərində işləməlidir. Xalqlar arasında körpülər qurulmalı, dialoq yaradılmalıdır. Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələr inkişaf etməlidir”.

R. Sekuta əlavə edib ki, ölkələr arasında münasibətlərin normallaşması prosesinə Türkiyə və Rusiya da dəstək verə bilər.(APA)