Rusiyanın Orenburq şəhərində milyarderin oğulları şəhərin mərkəzində silahlı insident törədiblər. AzPost bildirir ki, hadisə nəticəsində fitnes mərkəzinin sahibi güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı yayılan məlumatlara görə, insident üç qardaşla başqa bir kişi arasında restoranda yaranan mübahisədən sonra baş verib. Münaqişə əvvəlcə şifahi dava ilə başlayıb, daha sonra tərəflər küçəyə çıxaraq qarşıdurmanı davam etdiriblər. Bu zaman milyarderin oğulları odlu silahdan istifadə edərək rəqiblərinə atəş açıblar.
Məlumata əsasən, atəş açılan şəxsə altı güllə dəyib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Baza informasiya platformasının verdiyi xəbərə görə, mübahisənin əsas səbəbi şəxsi münasibətlər və bir qadının xəyanəti ilə bağlı olub.
Hadisəni törədən şəxslər – milyarderin üç oğlu – hadisə yerindən uzaqlaşıblar. Onlardan birinin evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Rəsmi məlumatlara görə, faktla bağlı “xuliqanlıq” maddəsi üzrə cinayət işi başlanıb. Lakin telekanalların yaydığı xəbərə əsasən, hələlik şübhəli şəxslərdən heç biri saxlanılmayıb.