78 min hektara yaxın ərazi minalardan təmizlənib- Vüqar Süleymanov

Müharibədən sonrakı dövrdə ümumilikdə 298 nəfər minaların və müharibənin partlayıcı qalıqlarının qurbanı olub, onlardan 53 nəfəri həlak olub, 245 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 3 min 377 nəfər mina partlayışından həlak olub və ya xəsarət alıb. Onlardan 358 nəfəri uşaq, 38 nəfəri isə qadın olub.

Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, 2020-ci ilin noyabr ayından bu günədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 77 min 890 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib: “Ümumilikdə 86 min 244 mina və müharibənin partlayıcı qalıqları, o cümlədən 28 min 43 piyada əleyhinə mina, 14 min 957 tank əleyhinə mina və 43 min 244 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Nəticədə ekoloji qiymətləndirmə və elmi tədqiqatlar, energetika və kommunikasiya fəaliyyəti, kənd təsərrüfatı fəaliyyəti, suvarma və su təsərrüfatı işləri, nəqliyyat və turizm infrastrukturu, təhlükəsizlik, xüsusi rabitə, sənaye parkları, yaşayış infrastrukturunun bərpası və inkişafı üçün nəzərdə tutulmuş müvafiq ərazilər minalardan və digər partlayıcı qurğulardan təmizlənib”.

Əvvəlki məqalə

“Aİ-nin Ermənistandakı monitorinq missiyasını genişləndirməyi təklif edirik”

Sonrakı məqalə

“Elə etməliyik ki, Belarus tərəfə baxmaqdan qorxsunlar”