Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat, Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki keçmiş baş konsulu, məşhur “91-lər”dən biri Xeyrəddin Qoca hazırkı deputatlara çağırış edib.
Modern.azsaytının məlumatına görə, Xeyrəddin Qoca hazırda Milli Məclisin üzvü olan şəxsləri gələn ilin əvvəllərində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməməyə çağırıb.
“İndi deputat olanların heç biri təzə seçkiyə qatılmamalıdır. Çünki özləri etimadı doğrultmadıqlarını təsdiq edirlər!”,-deyə X.Qoca vurğulayıb.
Xatırladaq ki, dekabrın 2-də Milli Məclis qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının təşəbbüsü ilə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün ölkə Prezidentinə müraciət edib.
Elə həmin gün Azərbaycan Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Dekabrın 4-də isə Konstitusiya Məhkəməsi Plenumunun iclasında parlamentin buraxılmasını Konstitusiyaya uyğun hesab edildiyi barədə qərar çıxarılıb.
İndi diqqətlər ölkə başçısına yönəlib. Prezidentin tezliklə parlamentin buraxılması və növbədənkənar seçkilərin vaxtını elan etməsi barədə müvafiq qərar verəcəyi gözlənilir.