Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı, uzun müddət nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevə qarşı 123 min dollarlıq iddia qaldırılıb. İddiaçı vaxtilə MTN-də həbsdə saxlanmış, hazırda baxılan işdə zərərçəkmiş kimi tanınanlardan biri – Ələddin Əliyevdir.
Ə.Əliyev 2013-cü ilin yanvarında brilyant daşları qaçaqmalçılıqla ölkəyə gətirməkdə ittiham edilərək həbs olunub. MTN-in istintaq təcridxanasında saxlanılan sahibkar 1 ay sonra buraxılıb. O iddia edir ki, azadlığa çıxmasından ötrü 106 min dollar pulunu alıblar. Öncə MTN-in binası yaxınlığında iki dəfəyə 100 min dollar pul verilib.
Zərərçəkmişin sözlərinə görə, sonradan ondan tələb edilən məbləği 110 minə qaldırıblar və ondan daha 10 min dollar istəyiblər. Ancaq son nəticədə aparıb Bakı Əyləncə Mərkəzində 6 min dollar da verib.
Ə.Əliyev deyir ki, ona qarşı qaçaqmalçılıq ittihamı saxta idi, həbs olunmasından məqsəd pulunu almaqdı. O iddia edir ki, üstəlik, 17 min dollarlıq brilyant daşlarını da götürüblər.
“Orada baş verənlər Mövlam Şıxəliyevin göstərişiylə həyata keçirilirdi. Onun hər şeydən xəbəri vardı”, – bunu söyləyən iddiaçı keçmiş MTN generalından ona dəymiş ziyanın ödənilməsini, 123 min dollarının geri qaytarılmasını tələb edir.
Sabiq MTN generalı isə bununla razılaşmır və həbsdən göndərdiyi ərizədə göstərib ki, bu adamı nə tanıyıb, nə də onun həbsinə, yaxud azadlığa buraxılmasına göstəriş verib. M.Şıxəliyevin sözlərinə görə, Ə.Əliyevi nazirliyə keçmiş müstəntiq Rövşən Hüseynov çağırıb, bütün məsələlər də onların arasında olub:
“Bakı Əyləncə Mərkəzində də Rövşən Hüseynovla görüşüb. Mən onu nə tanımışam, nə də ondan rüşvət almışam. Bu, məhkəmədə də sübuta yetirildi…”.
M.Şıxəliyev əlavə edib ki, onun haqqında Bakı Hərbi Məhkəməsində çıxarılmış hökmü qanunsuz sayır və bu barədə Ali Məhkəməyə şikayət verib.
Məhkəmə oktyabrın 28-də Ə.Əliyevin iddiasının 106 min dollarlıq hissəsini təmin edib. Belə nəticəyə gəlinib ki, o, 17 min dollarlıq brilyant daşlarla bağlı hissəni sübuta yetirməyib. Keçmiş MTN vəzifəlilərinə verildiyi iddia olunan 106 min dollara gəlincə, bu, Bakı Hərbi Məhkəməsinin hökmüylə də təsdiqlənib. Beləliklə, keçmiş MTN generalının üzərinə zərərçəkmiş Ə.Əliyevə 106 min dollar təzminat ödəmək öhdəliyi qolulub.
Azadlıq Radiosunun əldə etdiyi məlumata görə, M.Şıxəliyevin işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslər də ona qarşı mülki qaydada iddia qaldırıblar.
Bakı Hərbi Məhkəməsində M.Şıxəliyev və onunla birlikdə mühakimə olunan daha 3 nəfər keçmiş MTN polkovnikinin işinə baxılan zaman da zərəçəkənlər dəymiş ziyanın ödənilməsi tələbiylə mülki iddia qaldırmışdılar. Amma hökm çıxarılanda mülki iddiaların az bölümü təmin edib.
Azpost.info