“Putin Paşinyana deyir ki, sözümə baxmadın, Qarabağı itirdin” –HƏRBİ EKSPERT

“Putin özünü Ermənistanın böyüyü kimi hiss edir və İrəvana xəbərdarlığı da atalar misalında deyildiyi kimidir: “böyüyün sözünə baxmayan, böyürə-böyürə qalar. Yəni Rusiya Prezidenti Paşinyana deyir ki, mənim sözümə baxmadın, ona görə də Qarabağı itirdin”.

Bu sözləri Azpost.info-ya Rusiya Prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransında Qarabağla bağlı çıxışına münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Qarabağ məğlubiyyətinə görə yenə də Ermənistan hakimiyyətini günahlandırıb: “Qarabağı tərk edən biz deyilik, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistandır. Ermənistanda Qarabağla bağlı sadə proseslər getmir. Bunu hamımız başa düşürük. Qarabağı tərk edən biz deyilik, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan İrəvandır. Onlar əslində bunu öz təşəbbüsləri ilə ediblər və bunu bəyan edərkən Rusiyaya məlumat verilməyib. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Bu, bir faktdır. Yaxşı, belə olsun, orada daxili siyasi proseslər mürəkkəbdir”.

“MDB və KTMT üzvlüyünə xitam verilməsi Ermənistanın maraqlarına cavab vermir”, deyə Putin vurğulayıb.

Ü.Cəfərov isə qeyd edir ki, Moskva İrəvana bir növ xəbərdarlıq edir: “Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammitinə Ermənistanın baş naziri Nikol Paşinyanın gedib-getməyəcəyi dəqiq deyil. Paşinyan Peterburqa getməsə, 2024-cü il Ermənistan üçün yaxşı başlamayacaq. Təbii ki, Ermənistanın davranışlarına görə, Rusiyadan bu ölkəyə təzyiqlər var və davam edəcək”.

“Rusiya istəmir ki, Ermənistan təsir dairəsindən uzaqlaşsın. Ona görə də Moskvadan İrəvana edilən xəbərdarlıqlar, verilən mesajlar çox da sərt deyil. Moskva maksimum çalışır  ki, münasibətlər əvvəlki məcraya dönsün. Amma düşünmürəm ki, əvvəlki münasibətlər bərpa olunsun. Tərəflər arasında çox soyuq münasibətlər hökm sürür. Nəticədə Rusiya Ermənistanı cəzalandırmaq qərarına gələcək”, – ekspert vurğulayıb.

Cəzanın nədən ibarət olması ehtimalına gəlincə, Ü.Cəfərov deyib ki, müxtəlif variantlar ola bilər: “Hərbi çevrilişdən tutmuş, sui-qəsdlərə kimi, istənilən addımı Rusiya Ermənistanda ata bilər. Çünki Rusiyanın əlində Ermənistana təzyiq etmək, orada qarışıqlıq yaratmaq üçün çoxlu rıçaqlar var. Moskva bu rıçaqları işə sala bilər. Lakin onu da unutmaq olmaz ki, Ermənistan da çox hiyləgərdir və vəziyyətdən çıxmaq üçün müxtəlif manipulyasiyalar edir”.

Anar ABDULLA

Azpost.info

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.