Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin ötən il oktyabrın 16-23-də Azərbaycan və Ermənistana səfərinin yekunları ilə bağlı hazırladığı hesabata münasibət bildirib.
Xarici İşlər Nazirliyi hesabatın reallığı tam əks etdirmədiyni bildirir.
“Azərbaycan komissarın tərəfsizliyə, qərəzsizliyə, bərabərliyə və bütün insan hüquqlarının universallığına əsaslanan müşahidələr aparacağını gözləyərək onu ölkəmizə səfərə dəvət etmişdir. Səfərin nəticələrinə baxdıqda, komissarın müşahidələrində tam ədalətlilik və qərəzsizlik olmadığını vurğulayırıq. Komissar məsələləri situasiyaya hərtərəfli baxışı nəzərdən qaçıran dar və yeganə perspektivə yönəldir. Bununla əlaqədar, Azərbaycan hesab edir ki, nəticələr komissarın səfəri zamanı birbaşa müşahidələrinə deyil, ilk növbədə digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır”, Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.
Nazirlik sənəddəki müsbət məqamlar barədə bildirir ki, hesabatda 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın suveren ərazilərində mülki ərazilərə münasibətdə ciddi ehtiyat tədbirləri görülməklə silahlı qüvvələr tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində “qondarma etnik təmizləmə və ya məcburi köçkünlük ilə bağlı əsassız iddialar” heçə endirilib.
Nazirlik həmçinin hesab edir ki, hesabatda erməni əsilli insanların Qarabağı könüllü tərk etdiyi, onların geri qayıtmaq hüququ barədə görülən tədbirlər, mina riskləri və başqa reallığı əks etdirən müsbət qeydlər var.
Bununla yanaşı, sənəddə deyilir ki, hesabatda Ermənistanın minalanmış ərazilərin xəritələrini tam verməməsi, Xocalı faciəsi, komisarın Qərbi Azərbaycan icması ilə görüşləri əks olunmayıb.
Xatırladaq ki, ötən ilin 16-23 oktyabr tarixlərində Ermənistan və Azərbaycana, o cümlədən Qarabağ bölgəsinə səfər edən Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç yanvarın 12-də səfərinin nəticələrinə dair müşahidələrini dərc edib.
“Ermənistan və Azərbaycan hakimiyyəti sülh danışıqlarında insan hüquqlarının müdafiəsinə diqqət yetirməli və münaqişənin təsirinə məruz qalan bütün şəxslər üçün güclü insan hüquqları təminatları yaratmalıdır”, Dunya Miyatoviç vurğulayıb.
Azpost.info