“Ötən il İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Rəqəmsal Məcəllənin hazırlanmasına start verilməsi haqqında məlumat paylaşmışdı. Təəssüf ki, hələlik bu layihədən bir xəbər yoxdur”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz paylaşımında qeyd edib.
Onun sözlərinə görə, elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 24 noyabr 2022-ci il tarixli Prezident fərmanına əsasən Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanmalıdır: “Məcəllənin layihəsi 9 ay müddətində Nazirlər Kabineti tərəfindən hazırlanıb Prezidnetə təqdim olunmalıydı. Lakin, hələlik adı çəkilən Layihənin hazırlanması və Prezidentə təqdim edilməsi haqqında hər hansı bir açıqlama yoxdur”.
Ekspert bildirib ki, hələlik maraqlı tərəflərin iştirakı ilə bu istiqamətdə hər hansı bir müzakirə aparılmayıb.
Məcəllənin strukturu, mahiyyəti haqqında məlumatlar yoxdur. Məcəllənin hazırlanmasına köməklik məqsədilə cəlb olunacaq beynəlxalq məsləhətçi şirkət haqqında da bir açıqlama verilməyib: “Yeri gəlmişkən, xatrlayıram ki, bir neçə il öncə İnnovasiya Strategiyasını hazırlamalı olan beynəlxalq məsləhətçi şirkət, Boston Konsalting Qrupu yetərincə böyük vəsait almasına baxmayaraq indiyədək də layihəni ortaya çıxara bilməyib”.
O.Gündüzün fikrincə, Rəqəmsal Məcəllə əsasən vətəndaşların rəqəmsal hüquqları, rəqəmsal hökumət quruculuğu və rəqəmsal biznes sahəsini əhatə etməlidir: “Hazırda rəqəmsal sahədə tənzimlədə ciddi problemlər var. Hələlik İRİA bu sahədə irəliləyiş yarada bilməyib. Rəqəmsal hökumət quruculuğun hüquqi təminatında lənglik uzun müddətdir ki davam edir. Hələ bir dənə də olsa rəqəmsal sənəd MyGov-da yoxdur. Orada olanlar sadəcə məlumat xarakteri daşıyır. İRİA bu istiqamətdə səylərini gücləndirməlidir”-deyə ekspert vurğulayıb.
Azpost.info