Yazı üçün yeni trend nə tələb edir?

Data jurnalistikası gələcəyə yönəlik bir trend olaraq Azərbaycan mediasında diqqət yetiriləsi sahədir.

Data jurnalistikası məqalələrin yazılması üçün  müxtəlif  açıq məlumatlardan  istifadə edilməsidir. Bunun əsasında yoxlanılmış,  araşdırılmış məlumatlar durur. Bu, internet erasında daha mühüm məzmun kəsb etməyə başlayıb. Bu gün açıq məlumat bazaları təkcə yazılı mətnlər deyil, video, podkast, audio və infoqramları əhatə edir. Eyni zamanda sosial şəbəkələrin daban-dabana izlədiyi mediada oxucu etimadı üçün data jurnalistikası zəruri məsələyə çevrilir. Oxucu dürüst, müqayisəli və dolğun faktların əks olunduğu yazılara üstünlük verir. Bu baxımdan data jurnalistikası getdikcə aparıcı trendə çevrilir. Bu sahə qarşıdakı dövrdə medianın taleyində həlledici rol oynayan bir trend olacaq.

Data təqdimatları bu gün oxucu etimadı qazanmış platformalarda daha uğurla yer tapa bilər. Xüsusən araşdırma janrında yazan jurnalistlər üçün onlyan resurslar daha əlverişlidir. Çünki çap mediasından fərqli olaraq onlayn portallarda, mobil internet şəbəkələrində məqalələri bir anda minlərlə oxucu oxuya bilir. Yaxşı araşdırma dövlət qurumlarının rəsmi açıqlamalarını izləməyə imkan verir, məsuliyyət yaradır və kommunikasiya üçün vacib əməkdaşlığı formalaşdırır.

Azərbaycanın internet məkanı son 15 ildə formalaşıb. Burada dünya media sistemlərinin istifadə etdiyi trendlərin tətbiqində problemlər yaşanır. Data jurnalistikası bu baxımdan istisna deyil. İlk olaraq feyk məlumatların yayılması, sosial şəbəkə üzərindən doğru olmayan xəbərlər, rəsmi açıqlamar bir sıra hallarda müasir trendləri tətbiq etməkdə problemlər yaradır. Ölkədə media seqmentinin kiçik olması da öz sözünü deyir. Həmçinin data bazalarının təhlükəsizliyi ciddi məsələdir. Bir çox hallarda baza məlumatlarının hakerlər üçün çatımlı olması zəif təhlükəsizlik sistemindən qaynaqlanır.

Dünya mediası ilə müqayisədə Azərbaycanda data jurnalistikası ilə bağlı  çatışmazlıqlar var.

Azərbaycanda data jurnalistikası hələ ki kövrəkdir. Çünki bu sahənin formalaşması məlumat bazalarının şəffaflığını tələb edir. Bu isə “açıq hökümət” sistemini ifadə edir. Azərbaycan hakimiyyəti son illərdə dövlət orqanlarının data resurlarının açıq və çatımlı olması üçün ciddi addımlar atıb. İllər əvvəl jurnalist üçün çətin əldə olunan, məmurlar tərəfindən açıqlanmayan rəqəmlər, məlumatlar, cədvəllər artıq onların rəsmi saytlarına yüklənir. Burada problem araşdırmaçı jurnalistlərin azlığıdır. “Off-layn era”da-yəni qəzet zamanında ölkədə belə jurnalistlərin çox yaxşı təbəqəsi yaranmışdı. Lakin onlayn jurnalistikanın meydana gəlməsi ilə “çaparaq xəbərlər” dövrü başlandı. Oxucular üçün qısa və çaparaq xəbərlər istehsalı jurnalistləri bu trendi izləməyə vadar edib. Amma son illərdə artıq araşdırma yazan jurnalistlər yaranır. Burada açıq data bazaları da mühüm rol oynayır. Bu sahəyə marağın az olmasının bir mühüm səbəbi də maddiyyatla bağlıdır. Araşdırma uzun vaxt tələb edir, bu məqalənin hazırlanması üçün jurnalistə qonorarın necə ödənilməsi sistemi bizdə anlaşılmazdır. Məsələn, Qərb jurnalistləri hər hansı araşdırma yazısı yazırlarsa bu zaman redaksiya onlar üçün vaxt təyin edir, qonorarı razılaşdırır, əvvəlcədən avans da verir. Bizdə hələ ki, buna nail olunmayıb. Medianın maddi bazasının zəif olması, reklam bazarının pərakəndə olması buna təsir edir.

Uğurlu bir data jurnalisti hazırlıqlı olmalı, faktlarla işləməyi bilməli, müqayisə etmək və analiz bacarığına malik olmalıdırlar. Data jurnalistikası xəbər yazan reportyor deyil. Məlumat bazaları işləmək çiddi əmək tələb edir. Data jurnalistikasının hədəfi və məqsədi aydın olmalıdır. O nəyi bilmək istədiyini özü üçün təyin etməlidir. Bundan başqa data jurnalistləri informasiya-kommunikasiya texnologiyalarından istifadəni bacarmalıdırlar. Ən azından bir xarici dil bilməlidirlər.

Ölkəmizdə data jurnalistikası kövrəkdir. Bir sıra məsələlər üzrə faktlara deyil, naməlum mənblərə, şaiyələrə, dəqiqləşdirilməmiş məlumatlara istinad olunur. Bunun obyektiv və subyektiv səbəbləri var. Amma açıq məlumat bazaları genişləndikcə, mediada peşəkarlıq artıqdca data jurnalistikasının yeni nəsli yaranacaq.

Hekayə danışmanın yeni yolu olan data jurnalistikası müasir auditoriyanın marağını oxşamalıdır. Datadan əldə olunan məlumatları çatdırmaq yorucu ola bilər.  Məhz buna görə də təqdimatların sadə və anlaşılan olması vacibdir. Data əsaslı hekayə hazırlayan zaman oxucuya hansı məzmunu çatdırmaq istəyi əvvəlcədən müəyyən edilməlidir. Mövzunu oxucuya aydın və sadə çatdırmağın yolunu tapmaq lazımdır.

Data əsaslı hekayə hazırlamaq diqqəti fakta yönəltmək və onunla bağlı dataları araşdırmaq anlamına gəlmir. Məsələni əldə olunan datalar toplusu və yazılacaq araşdırma müəyyənləşdirir. Qərəzli yanaşma, faktların bilərəkdən subyektiv qaydada seçilməsi datanın verdiyi məlumatlara təsir edərək ortaya qeyri-obyektiv hekayə çıxara biləcək. Ona görə də mövzu hazırlayarkən ora bir birinə əks olan ekspert yanaşmalarını və faktları da daxil etmək lazımdır. Bu zaman ortaya daha obyektiv məzmun çıxmasına imkan yaradır. Oxucunun ilk baxışda əsas konteksi anlaması vacibdir. Bu baxımdan data hekaylərinin uğuru onun kontentindən çox asılıdır.

Hazırkı dövr jurnalistlərdən  hadisə   və  proseslərə  daha  çevik müdaxilə tələb edir. Data jurnalistikası üçün peşəkar jurnalistika ənənələri, düzgün analiz bacarığı vacibdir.  Bununla yanaşı yetərli qanunlar toplusu, zəngin və şəffaf baza məlumatları, İKT sistemi data jurnalistikasının inkişafını şərtləndirir.

 

X.SƏFƏRLİ

Yazı MEDİA-nın dəstəyi ilə  “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.