Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ölkədə dini geyim olan niqabın qadağan edilməsini təklif edib.
Azpost.info RBC-ya istinadən bildirir ki, Bastrıkin Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunda çıxışı zamanı Rusiyada niqabın qadağan edilməsi təklifini dəstəkləyib. .
Forum ziyarətçilərindən biri Bastrıkinlə söhbətində qeyd edib ki, Mərkəzi Asiya ölkələrində hakimiyyət üzünü örtən dini geyimləri qadağan edir və “orada niqab taxa bilməyənlər bura köçüb Rusiyada geyinirlər”. O, İstintaq Komitəsinin rəhbərindən soruşub ki, Rusiyada da analoji qadağanın tətbiqi mümkündürmü?
“Dövlət Dumasının vəzifəsi sizin danışdığınız şeyi qadağan edən qanun qəbul etməkdir. Orada qadağandır, amma burada icazə verilir. Niyə? Bilmirəm, mən qanunverici deyiləm. Mən sizinlə razıyam, biz təcili olaraq bütün bunları qadağan etməliyik”, – deyə Bastrıkin deyib.
Onun sözlərinə görə, Dağıstanda kilsə və sinaqoqlara, eləcə də Rostov-na-Dondakı istintaq təcridxanasına son hücumlar radikal islamçılar tərəfindən həyata keçirilib. “Dövlət Duması təcili olaraq bu hadisələrə reaksiya verməlidir”, – Bastrıkin çağırıb.
Dağıstanın rəhbəri Sergey Melikov respublikada baş verən terror aktından sonra təhlükəsizlik baxımından niqabın əleyhinə çıxış edib. O, kişilərin onun altında gizlənə biləcəyini, qadınların isə qadağan olunmuş əşyaları daşıya biləcəyini qeyd edib.
Azpost.info