Hollivudun tanınmış rejissorlarından biri sayılan Martin Skorseze “təqaüdə çıxmaq planının olmadığını” söyləyib və o yaxın gələcəklə bağlı iş planlarından, həmçinin rol bölgüsündə Endryu Qarfildi İsa Məsih kimi gördüyü barədə fikirlərini bölüşüb.
Azpost.info bildirir ki, xəbəri “World of Reel” nəşri paylaşıb.
Oktyabr ayının 8- də Turin şəhərində baş tutan mətbuat konfransında kinorejissor Martin Skorseze müxtəlif söz-söhbətləri, şayiələri dağıtmaqla öz yeni planlarından danışıb.
Belə ki, bir müddət öncə Martin Skorseze yeni filmində baş rolda çəkməyi nəzərdə tutduğu Endryu Qarfildlə “İsanın həyatı” filminin çəkilişlərinə başlamalı idi. Ancaq sonra film qəfildən qeyri-müəyyən vaxta təxirə salınmalı oldu. Hətta bu layihənin ləğvi ilə bağlı söz-söhbətlər dolaşmağa da başladı.
Lakin bütün problemlər məhşur rejissoru ruhdan salacaq qədər sarsıdıcı amillər də deyil və maestronun özünün dediyi kimi xoşbəxtlikdən kinodan uzaqlaşmaq fikri də yoxdur: “Mən pensiyaçı olduğumu düşünmürəm və hələ təqaüdə çıxmağa hazırlaşmıram. Sinatra barədə film yalnız İsa peyğəmbər filminin üzərində işlədiyim bir müddətdə dayandırılıb. Ümid edirəm ki, Allah onu bitirmək üçün mənə güc və pul verəcək”.
Mərhum müğənni Sinatranın varislərinin Skorsezeyə çəkiliş üçün icazə verməməsi səbəbindən Sinatra haqqında biopiklin təxirə salındığı güman edilirdi. Həmçinin bu vaxt aralığında “İsanın həyatı” filminin ssenarisindəki dəyişikliklər başlayır.
Beləliklə, Martın Skorseze qərara gəlir ki, yaxın gələcəkdə lentə almağı düşündüyü yazıçı Merilin Robinsonun “Ev” romanının süjetini də filmə uyğunlaşdırsın və “Ev”-i yeni ekran əsərinə çevirsin.
Məhşur rejissor Martin Skorseze keçirdiyi mətbuat konfransından sonra dünən Milli Film Muzeyində baş tutmuş digər tədbirə qatılıb və mükafatlandırma mərasimində iştirak edib. Burada isə dünya şöhrətli bir rejissor kimi Skorsezeyə öz karyerasında əldə etdiyi böyük nailiyyətlərə görə fəxri Stella della Mole mükafatı təqdim edilib.
Skorseze hazırda İtaliyada batmış qədim gəmilərdən bəhs edən sənədli film çəkir. Bu maraqlı ekran əsərinin istehsalına isə ötən həftə başlanılıb.
Kinoşünasların fikrincə, ola bilsin ki, yeni sənədli film “İsanın Həyatı”, həmçinin də Frank Sinatra haqqında bioqrafik filmin rəfdə qalmasına səbəb olub.
Bu xəbərlə bağlı “World of Reel” yazır ki, rejissorun hər üç layihə üzərində işləmək üçün vaxt tapması barmaqların üstündə durmağa bənzəyir.
Bu ərəfədə nəhəng Hollivud çevrəsindən mediaya sızan şayiələr görə kinorejissor Martin Skorseze öncədən planlaşdırdığı “İsanın həyatı” filmini ekranlaşdırmaqdan imtina edib. Lakin Skorsezenin özü indiyə qədər yayılan bu xəbərlə bağlı nə təkzib verib, nə də təsdiq edib.
Oqtay Qorçu