COP29-un yekunları

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası başa çatdı.

COP29 yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.

Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.

COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq.

Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər.

Politoloq Zaur İbrahimlinin fikrincə, COP29-un əsas özəlliyi ən inklyuziv konfrans olmasıdır, ev sahibi kimi Azərbaycan ada dövlətlərinin, Qlobal Cənub, Karib hövzəsi ölkələrinin, Afrika qitəsinin geniş təmsilçiliyini təmin etdi. COP29-da iştirak etmək üçün 76 min nəfər qeydiyyatdan keçdi və bu rekord göstəricidir. Təsadüfi deyil ki, Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşdü.

COP-ların keçirilməsi təcrübəsində ilk dəfə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə 100 ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyası yaradıldı.  Koalisiyadakı  QHT-lərin 84% Qlobal Cənub təmsilçiləridir.

Azərbaycanın COP-dakı sədrliyi qlobal Cənubun səsinin daha güclü eşidildiyi qlobal səhnə oldu, ada dövlətləri və xalqları ilk dəfə öz problemlərinin bəyanı üçün bu cür geniş imkanlar əldə etdilər.

Ölkəmiz beynəlxalq münasibətlərdə A liqasında yer almağa başladı.

COP29  yüksək  təşkilatçılıq səviyyəsi ilə seçildi, innovativ texnologiyalar tətbiq edildi, təhlükəsizlik, logistika, qonaqlama, kommunikasiya sahəsində   bütün detallar düşünülmüşdü, ölkəmiz öz potensialını maksimum nümayiş etdirə bildi. Azərbaycan dünyanı narahat edən məsələlər, iqilim dəyişiklikləri, yaşıl keçid, qlobal logistika, müstəmləkəçiliyə qarşı mübarizə, Şimal-Qlobal dialoqu məsələlərində qlobal gündəliyin formalaşmasında rola, təsirə mali ölkə statusu əldə edərək strateji dəyərini, imkanlarını artırdı. Azərbaycanın dostlarının, ölkəmizin tərəfdaşlarının sayı artdı, 12 gün bütün dünya Azərbaycandan xəbər aldı. Müstəqillik dövrümüzün ən böyük tədbiri uğurla keçrildi və Azərbaycan Prezidentinin bəyan etdiyi kimi ölkəmiz beynəlxalq münasibətlərdə A liqasında yer almağa başladı.

COP29 iqlim konfransı olmaqla yanaşı, həm də dünya güclərinin əsas oyunçu olduğu, mübarizə, rəqabət  apardığı bir müstəvidir. COP29 müzakirə otaqları və plenar sessiya zalları heç də, qladiator arenasından fərqlənmir. Hər bir dövlət, ölkələr qrupu, lobbi qrupları, qlobal şirkətlər öz maraqlarını qorumağa çalışırlar.

Konfrans göstərdi ki, iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması və inkişaf etməkdə olan ölkələrin adaptasiyası, yaşıl keçidin maliyyələşdirilməsi məsələlərində ciddi fikir ayrılıqları mövcuddur. İnkişaf etmiş ölkələr İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi ilə müəyyənləşmiş öhdəliklərindən yayınmağa çalışırlar. Eyni zamanda, hazırda iqlim dəyişikliklərindən daha çox əziyyət çəkən ada dövlətləri, Afrika qitəsi, Karib hövzəsi, Cənubi Şərqi Asiya ölkələri aparıcı ölkələrin iqtisadi rəqabətinin, geosiyasi ambisiyalarının girovuna çevriliblər.

COP29-da aparıcı ölkələrin, xüsusən Avropa İttifaqı və Bayden administrasiyasının birtərəfli, məsuliyyətsiz, qərəzli yanaşması özünü daha  qabarıq göstərdi. COP29-da pərdələr qalxdı və bütün dünya ekologiyadan, yaşıl dünyadan pafosla danışan Avropa İttifaqı, Bayden administrasiyasının, Fransanın, Almaniyanın gerçək maraqlarını gördü. Onların yaşıl dünyanı deyil, daha çox yaşıl pul əskinası düşündüyünü hamı və hər kəs gördü.

COP29 məhz qlobal Cənubun real ehtiyacları və Qlobal Şimalın etinasızlığı bütün COP-lardan daha aşkar şəkildə nümayiş olundu.

Azərbaycan dəfərlərlə bəyan edirdi ki, bütün uğurlar kollektiv uğur olacaq, uğursuzluqlar da hamının məğlubiyyətidir. Ətraf mühit məsələlərini heç bir ölkə, ölkələr qrupu təkbaşına həll edə bilməz, qlobal çoxtərəfli əməkdaşlıq, öhdəliklər olmadan müsbət nəticələr mümkün deyil.  Azərbaycan COP29 komandası yorulmadan, səylə çalışdı, lakin Avropa İttifaqı və Bayden administrasiyası öhdəliklərdən yayınmaq strategiyasına üstünlük verdilər.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen məsuliyyətli davranış sərgiləmədi və Aİ-nin iqlim hədəf və vədlərinə uyğun siyasətin şahidi olmadıq. Dünayda iqlim təşəbbüskarlarından sayılan Almaniyanın XİN rəhbəri  Annalena Berbökün səfəri isə tam tragikomediya janrında oldu. Xanım Berbök COP29-un son günü gələrək yəqin ki, hamını təəcübləndirən mesajlar verdi. “Yaşıllar” partiyasının təmsilçisi kimi ilqim icması ondan iqlim ambisiyalaırnı dəstəkləyəcək, öhdəlikləri vurğulayacaq bəyanatlar gözləyirdi. Xanım  Berbökün maliyyə məqsədinə nail olmaq üçün qətiyyətli mövqe sərgiləcəyi gözlənilirdi. Almaniya XİN rəhbərinin səfəri isə Minsk qrupu həmsədrlərinin unudulmaz turneləri xatırlatdı.

Qlobal Cənub ölkələrinin sualları isə  cavabsız qalıb. Onlar soruşmaqdan, tələb etməkdən yorulmayacaqlar, bu onlar üçün yaşam məsələsidir, gələcək məsələsidir. Onlar durmadan soruşacaqlar, niyə qlobal Şimal ölkələri məsuliyyətdən və öhdəliklərdən yayınırlar? Hansı haqla öhdəlikləri yerinə yetirmirlər?  Günahkar kimlərdir?

COP29-da aparılmış müzakirələr,  nəzərdən keçirilən həllər məsuliyyətli və tarixi qərarların qəbulu üçün güclü təməl yaradıb. Avropa İttifaqı İqlim sammiti keçirərək bu qərarları verə bilər. Əsas məsələ öhdəliklərin icrası ilə əlaqədar qərarların qəbuludur, məkan, ünvan vacib deyil, başlıca məqsəd ilqim həmrəyliyinə nail olmaq, strateji çağırışlara vaxtında cavab verməkdir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, indiyədək iqlim dəyişikliyilə əlaqəli konfransların heç biri belə siyasi və diplomatik gərginliklə müşahidə olunmayıb.

Bütün bunlara baxmayaraq Prezident İlham Əliyev COP29 açılışında COP -la bağlı Azərbaycana qarşı qarayaxma və boykot aparanlara qarşı daha sərt münasibət sərgilədi.

COP29-un böyük uğurla başa çatmasını nəzərə alsaq, buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyini üzərinə götürən andan hər şey, bütün siyasi və diplomatik təzyiqlər nöqtəsinə qədər hesablanıbmış .

Digər COP-lardan fərqli olaraq, inkişaf etmiş ölkələrin dominantlığı deyil, məhz Prezidentin siyasi iradəsi və komandanın ağır əməyi COP29 -da ciddi dönüş və tarixi nəticələr əldə olunmasında mühüm rol oynadı.

Bəzi COP-larda növbədən kənar iclaslar olsa da, gecə saat 4-də Qlobal Razılaşma uğrunda “vuruşma” heç birində olmayıb. Gecə saat 4-də hökumətin iki nazirinin, Muxtar Babayev və Ceyhun Bayramovun əldə olunan qlobal razılaşmanı ayaqüstə qeyd etmələri diqqət cəlb edən idi.

Razılaşmanın əldə olunmasında XİN-nin diplomatları və ETSN komandası əsas rol oynayıb.

Gərgin siyasi və diplomatik mühitə, qlobal iqlim platformasından çıxmağı hədəfləyən Trampın president seçilməsinin proseslərə mənfi təsir göstərməsinə baxmayaraq COP29-da iqlim dəyişiklikləri ilə mübarizə üçün illik 300 milyard dollar öhdəliyinin əldə olunması və karbon kreditləri bazarının formalaşması ilə bağlı konkret razılıq indiyədək mahiyyəti üzrə 30 il davam edən müzakirələr fonunda əldə olunan ən böyük nəticələr hesab oluna bilər.

COP29-da diqqət cəlb edən məqam həm də inkişaf etməkdə olan ölkələrin liderliyinin önə çıxması oldu.

Politoloq, media və ictimai kommunikasiyalar üzrə ekspert-konsultant İlkin Bağırovun sözlərinə görə, COP29-un Azərbaycan paytaxtında keçirilməsi, hökumət və vətəndaş cəmiyyətləri nümayəndələri, elm adamları və ekspertlərin Bakıda toplaşaraq iqlim böhranının həlli yollarını müzakirə etməsi isə həm ölkəmiz, həm region, həm də ümumilikdə dünya üçün əhəmiyyətli oldu. Əvvəla, bütün neqativ fikirlərə və boykot çağırışlarına baxmayaraq, BMT-nin belə böyük miqyaslı və dünyanın hər yerindən onminlərlə insanın iştirakı ilə keçirilən mötəbər konfransına təhlükəsiz şəraitdə, yüksək səviyyədə və demək olar ki, qüsursuz ev sahibliyi etməsi bir daha Azərbaycanın beynəlxalq tədbirlərin təşkilatçılıq təcrübəsini və bacarığını ortaya qoydu. Bu isə onun nüfuzuna müsbət mənada təsirsiz ötüşməyə bilməz.

Digər tərəfdən, bu tədbir qlobal səviyyədə nümunə olmaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq birliyin gücünü nümayiş etdirdi. Çünki COP 29-da qəbul edilən qərarlar gələcək illərin iqlim strategiyalarını, ümumilikdə isə, bu sahədə yeni bir mərhələ formalaşdıracaq. Nəticədə məhz Azərbaycanda yaşıl enerji layihələri, texnoloji yeniliklər və ətraf mühitin qorunmasına dair yeni proqramlar qəbul edilərək qlobal səylərə töhfə veriləcək.

COP29 çərçivəsində əldə olunan əməkdaşlıq və təcrübə mübadiləsi, Azərbaycana iqlim siyasətində daha böyük addımlar atmasına imkan verəcək. Bu tədbir ölkənin iqlim siyasətini, o cümlədən, bu sahədə beynəlxalq əməkdaşlıqlarını gücləndirəcək, qlobal və regional miqyasda iqlim dəyişikliyi ilə mübarizənin səmərəliliyinin artırılması üçün ciddi platforma yaradacaq.

Azərbaycan qlobal iqlim şəbəkələrinə daxil olmaq və iqlimlə bağlı müzakirələrə aktiv qatılmaq imkanı qazanacaq. Bu, ölkəmizin beynəlxalq arenada daha çox tanınmasına və iqlim siyasətində mövqeyinin gücləndirməsinə kömək edəcək. Bundan əlavə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqlim dəyişikliyinə qarşı birgə mübarizə, ətraf mühitin qorunması, resurslardan davamlı istifadəyə vahid baxışın formalaşmasına, həmçinin sərhədlərarası iqlim təsirlərinin idarə edilməsi, regionda ekoloji problemlərin, eləcə də iqlim dəyişikliklərindən qaynaqlanan və Azərbaycana da təsirsiz ötüşməyən migrasiya məsələlərinin həlli üçün müştərək strategiyaların inkişafına zəmin yarana bilər.

COP29 Azərbaycan üçün texnoloji yeniliklər, iqtisadi və dayanıqlı inkişaf sahəsində də böyük imkanlar açır. Bu, yalnız ətraf mühitin qorunmasına xidmətlə kifayətlənməyəcək, eyni zamanda ölkənin iqtisadi inkişafını da dəstəkləyəcək və yaşıl iqtisadiyyata keçidi sürətləndirəcək.

Bərpa olunan enerji layihələrinin gerçəkləşməsi, yaşıl texnologiyaların geniş tətbiqi ölkədə qeyri-neft sektorunu və iqtisadiyyatın şaxələndirilməsini gücləndirəcək. Bu da öz növbəsində yeni iş yerlərinin açılmasına, iqtisadi inkişafın dayanıqlılığına, eləcə də əhalinin sosial rifahının yaxşılaşmasına töhfə verəcək.

Azərbaycan COP29 sayəsində ətraf mühitə təsiri azaldacaq texnoloji yeniliklərdən istifadə, xüsusilə, karbon qazının tutulması və saxlanması, “ağıllı şəhər” texnologiyaları və dayanıqlı infrastruktur sahəsindəki yenilikləri tətbiq və inkişaf etdirmək üçün beynəlxalq təcrübələrdən səmərəli şəkildə yararlanacaq.

Ölkədə bərpa olunan enerji mənbələrinə keçid və karbon emissiyalarının azalmasına yönəlmiş texnologiyaların tətbiqi isə hava çirkliliyinin azalmasına və sağlam ekosistemlərin yaranmasına gətirib çıxaracaq. Ağacəkmə kampaniyaları və şəhər yaşıllaşdırmaları ilə bağlı atılan addımlar, xüsusilə, iri şəhərlərdə yaşayanların daha təmiz hava ilə nəfəs almasına və burada sağlam həyat şərtlərinin formalaşmasına təsir edəcək. Bundan əlavə, su ehtiyatlarının qorunması, onların optimal idarə edilməsi və səmərəli istifadəsi yolları ilə su təchizatının yaxşılaşdırılması istiqamətində uzunmüddətli planlar hazırlana bilər.

Bu tədbir həmçinin vətəndaşların iqlim dəyişikliyi ilə bağlı məlumatlılığını nisbətən artıracaq. Belə ki, ətraf mühitin qorunması, enerji səmərəliliyi və su ehtiyatlarının idarə olunması kimi sahələrdə aparılan maarifləndirici kampaniyalar və görülən tədbirlər insanların ekoloji cəhətdən məsuliyyətli davranmasına, onların şəxsi həyatlarında ekoloji baxımdan daha çox dostyana davranışları mənimsəməsinə, su və enerji israfının azalmasına, tullantıların düzgün idarə olunması və təkrar emalına töhfə verə bilər.

Ümumiyyətlə, COP29-dan sonra Azərbaycanın beynəlxalq nüfuzunun daha da artacağını, ölkəyə yaşıl gələcək qurmaq məqsədlərinə çatmasına töhfə verməklə yanaşı ekoloji sahədə həm texniki, həm də maliyyə dəstəyinin güclənəcəyini, yerli və beynəlxalq ekspertlər arasında əməkdaşlığın, bilik və təcrübə mübadiləsinin artacağını, iqtisadi və sosial sahələrdə tətbiq olunacaq yeniliklərin ümumi və dayanıqlı inkişafa, vətəndaşların rifahının yaxşılaşmasına, nəhayət, onların ekoloji cəhətdən daha məsuliyyətli davranış sərgiləməsinə müsbət təsir edəcəyini proqnozlaşdırmaq olar.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.