Kərə yağı ilə bağlı nə üçün idxaldan asılıyıq?

Yağ insanlara çoxdan məlumdur. Hələ 5000 il bundan əvvəl ondan yeməklərdə istifadə edilib. Pliny Elder öz əsərlərində yağın istehsalı prosesini təsvir edirdi. Kustar üsulla hazırlanan yağın emalı üçün ilk cihaz nehrə olub. 1880-cı ildə separator ixtira olunduqdan sonra yağı sənaye üsulu ilə hazırlamağa başladılar.

Hazırda dünyada qlobal bitki yağı istehsalı təxminən 209,14 milyon ton təşkil edir. Dünyada ən çox bitki yağı istehsal edən ölkə İndoneziya sayılır.

Palma yağının ən böyük istehsalçısı sayılan İndoneziya qlobal bitki yağı istehsalında təxminən 44 faizlik paya malikdir. Bundan sonra soya yağı istehsalına görə Çin bazara liderlik edir. Çin dünyada soya yağının ən böyük istehsalçısıdır.  Bu ölkədə istehsal olunan soya yağı dünya yağ istehsalının 24 faizini təşkil edir.

Dünyada kərə yağı istehsalında ən öndə gedən ölkə Hindistandır.  Bu ölkədə hər 1000 metrə 6,100 ton kərə yağı istehsalı düşür. Hindistandan sonra kərə yağının ən çox istehsal edildiyi ölkələr Avropa İttifaqı ölkələridir ki, burada bu göstərici 2,425 tondur.

ABŞ-da hər 100 metrdə 959, Yeni Zelandiyada isə 5,25 ton kərə yağı istehsal edilir.

Avropa Birliyi ölkələri isə ən böyük zeytun yağı istehsalçısıdırlar. Onların zeytun yağı  istehsalı dünya istehsalının 69 faizini təşkil edir.

Əhalinin qida sağlamlığının qorunması ən vacib məsələdir.

Süd və süd məhsulları da daxil olmaqla heyvan mənşəli məhsullar tamdəyərli qida məhsulları hesab olunur. 1 litr südün qida dəyəri 685 kkal təşkil edir. Məhsulların kaloriliyi əsasən onların yağ və zülal tərkibi ilə bağlıdır. Süddə vacib qidalı maddələrin olması sayəsində o, həm də qoruyucu bir amildir.

Son illərdə Respublikamızın iqtisadiyyatında, o cümlədən qida məhsullarının istehsalında mühüm irəliləyişlər baş verib.

Qeyri-neft sektorunun sektorun inkişaf etdirilməsində əsas sahələrdən biri də süd emalıdır.

Respublikamızda ötən illər ərzində iri süd emalı müəssisələri tikilib istifadəyə verilib. Bu sırada Qəbələdə, Zaqatalada, Tovuzda, Ağcabədidə süd emalı zavodu istifadəyə verilib.

Klassik anlamda kərə yağı inək südündən əldə edilən bir məhsuldur. Onda yağın kütlə payı isə ən azı 80% təşkil edir. Yağ fazasının yüksək nisbəti və uyğun olaraq onun süd plazmasında bərabər paylanması yağa xarakterik olan kərə dadının və qoxusunun, möhkəm, sıx və bircinsli konsistensiyanın olmasını təmin edir. Süd yağının həzm traktında mənimsənilməsi üçün rahat olan maye halına keçməsini asanlaşdırır. Bu baxımdan, kərə yağı  həzm orqanlarının funksional pozğunluqları olan xəstələrin, həmçinin uşaqların qidalanması üçün tövsiyə olunur.

Qeyd etmək lazımdır ki, ölkədə kərə yağının təmin olunma səviyyəsi aşağıdır və 40% xaricdən daxil olur.

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 123 milyon 972 min ABŞ dolları dəyərində 22 min 204 ton kərə yağı idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 84.5% və ya 56 milyon 779 min ABŞ dolları, həcm baxımından isə 84.3% və ya 10 min 155 ton artıb. Belə ki, 2023-cü ilin ilk 9 ayında Azərbaycana 67 milyon 193 min ABŞ dolları dəyərində 12 min 49 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.85% təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-sentyabr aylarında ölkədə 22 min 345 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 141 ton çox olub.

Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 20.90 manat, yerli kərə yağının orta satış qiyməti isə 19.71 manat təşkil edib.

Kərə yağının baha olmasının bir sıra səbəbləri var.

İlk növbədə kərə yağı istehsalı üçünsə ölkədə heyvandarlıq sahəsi vacibdir. 1 kiloqram kərə yağı almaq üçün 22 litr süd tələb olunur.  1 ton kərə yağı hazırlamaq üçünsə yağllılıq dərəcələrinə görə, 17-28 ton arasında süd lazımdır. 500 min ton kərə yağı hazırlamaq üçün 7 milyon ton süd lazımdır.

Azərbaycanda ötən il ümumilikdə 2 milyon 284 min ton süd istehsal edilib. Bu daxili istehsal üçün tələb olunandan 4 dəfə azdır. Bu sahə olsa da idxal qarşısında ciddi problemlər yaşayır.

İdxal isə ciddi faktora çevrilib. 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 103,3 milyon ABŞ dolları dəyərində 19 min 153 ton kərə yağı idxal edilib.

Ekspertlərin fikrincə, yerli yağ istehsalı üçün ciddi dəyişiklilər vacibdir.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, rəqabət olmadığı üçün qiymət bahadır: “Ölkəyə yağ gətirən şirkət sayı azdır. Yerli istehsal isə yox dərəcəsindədir . Yerli şirkətlər adı ilə bazara çıxarılan kərə yağının tərkibi yerli deyil, xaricdən gətirilir, sadəcə burada qablaşdırılır və satışa çıxarılır”. N. Cəfərli deyib ki, rəqabət olmayan yerdə qiyməti diktə etmək çox asandır.

İqtisadi məsələlər üzrə araşdırmaçı Dünya Sakitin fikrincə, yerli süd istehsalının artım sürəti kərə yağının artım sürətindən 10 dəfədən çox geri qalır. Belə ki, rəsmi statistikaya əsasən, doqquz ayda Azərbaycanda 1 milyon 694,2 min ton süd istehsal olunub və bu, əvvəlki ilin eyni dövründən cəmi 0,7 faiz çoxdur. Digər bir məsələ budur ki, Azərbaycanda əhali sayının artması kərə yağı istehlakının da artmasına səbəb olub. Ərzaq balansına əsasən əhalinin şəxsi istehlak həcmi 2021-ci ildəki 37 844 tondan 2023-cü ildə 39715 tona çatıb.  Bu zaman yerli istehsal hesabına özünü təmin etmə səviyyəsi 2021-ci ildəki 66,7 faizdən 2023-cü ildə 64,7 faizə düşüb.

Ekspert Samir Eyyubov deyir ki, hazırda kərə yağını idxal etmək iqtisadi cəhətdən daha səmərəlidir: “Azərbaycanın hər zaman kərə yağı ilə bağlı idxaldan ciddi asılılığı var idi. Biz heç vaxt özümüzü kərə yağı ilə təmin etməmişik. Rusiya-Ukrayna müharibəsindən sonra idxaldan asılılıq artdı. Çünki heyvan yeminin qiyməti kəskin şəkildə artdı. Bu da südün qiymətinə təsir göstərdi. Litri 65-70 qəpiyə olan süd bu gün 90-95 qəpik civarındadır. Demək olar ki, 30 faizə qədər qiymət artımı var. Yerli istehsal kərə yağının da qiyməti 30 faiz artdı. Bu zaman xaricdən məhsul idxal etmək iş adamlarına iqtisadi cəhətdən daha səmərəli olur.

Digər tərəfdən, ölkədə süd istehsalı ciddi şəkildə azalıb. Yemin qiyməti bahalaşıb, südün qiyməti artır. Yerli emal təsərrüfatları rəqabətə dözümlü olmur, məcbur qalıb istehsal həcmlərini azaldırlar. Belə-belə fermerlər müflis olur, təsərrüfatlarını bağlayırlar.

S.Eyyubov deyir ki, yerli kərə yağımız keyfiyyətli olsa da, qiymət cəhətdən rəqabətdə xarici məhsullara uduzur.

İqtisadçı Rauf Qarayevin fikrincə, yerli istehsalın azalmasının səbəbi hazırda ölkəmizdə heyvandarlığın səmərəli olmamasıdır: “Kərə yağının əsas mənbəyi heyvandarlıqdır. Kərə yağının istehsalının azalması bizdə heyvandarlıq sahəsində müəyyən problemlər yaşandığını göstərir. Məsələn, heyvanların yemi azalıb. Bir tərəfdən torpaq sahələri zəbt olunub və örüş sahələri yoxdur. Ölkədə yem bazası qıtdır, heyvanların bəslənməsi üçün yem azdır. Xaricdən alınma isə baha başa gəlir. Fermer də hesab-kitab edir, heç bir gəliri olmadığını görür, nəticədə məcbur qalıb heyvan saxlamaqdan imtina edir. Nəticədə biz kərə yağı istehsalının azalmasını müşahidə edirik”.

İqtisadçı bildirdi ki, yaşanan bu problem həm də kənd təsərrüfatında düzgün planlaşdırma olmamasının nəticəsidir: “Ölkədə kənd təsərrüfatı sahəsində müəyyən boşluqlar var. Müəyyən təhlillər doğru aparılmır, statistik məlumatlar düzgün deyil, planlama düzgün təşkil olunmur. Yəni məhsul istehsal edəcəyiksə, orda heyvandarlığı da düşünməliyik. Çoxşaxəli məhsul əkmək lazımdır. Həm heyvandarlıqda istifadə edək, həm də digər sahələrdə strateji əhəmiyyəti olsun. Üstəlik də gəlirlilik önəmlidir”.

R.Qarayev deyir ki, xaricdən gətirilən məhsul indi yerli istehsaldan daha ucuz başa gəlsə də, bir müddət sonra onların qiyməti də artacaq: “Yerli istehsal azalır, idxaldan asılılıq artır. İdxal məhsulları yerli istehsaldan daha münasib qiymətə başa gəlir, ona görə seçim olur. Ancaq bu, indi üçün belədir. Bu, sonradan qiymətlərin artmasına gətirib çıxaracaq. Çünki bazarda ancaq idxal məhsulları olacaq, yerli istehsal da o qədər deyil ki, alternativ olsun, rəqabət yaransın. İdxaldan asılılıq olacaqsa, bir müddət sonra burda da istədikləri qiymətləri təyin edə biləcəklər”.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, ölkədə istehsal edilən kərə yağı ilə bağlı xammalın əhəmiyyətli hissəsi xaricdən gəlir. Xalid Kərimli bildirib ki, kərə yağının ölkədə istehsalı onun qiymətinin ucuzlaşması anlamına gəlmir: “Təlabat var deyə idxalın həcmində ciddi artım var. Daxili istehsalda da bir eniş var. Bu onu göstərir ki, əhalinin kərə yağına təlabatı artıb. Təlabatın artması idxalın hesabına əldə olunub. Yerli istehsal isə bu artan təlabatın qarşısında əvvəlki illərlə müqayisədə payı daralıb”.

Qeyd edək ki, Azərbaycanda kərə yağı istehsalı idxalı 42% üstələyib. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 15,6 milyon dollar dəyərində 2968 ton kərə yağı idxal edilib.

Dünya bazarında isə yağların qiymətində qeyri-müəyyənlik müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin hesabatında deyilir ki, noyabr ayında günəbaxan yağının 1 tonunun qiyməti əvvəlki aya nisbətən 5.0% artaraq 1265 ABŞ dollar olub.

Zeytun yağı isə ucuzlaşıb. 2024-cü ilin noyabr ayında zeytun yağının 1 tonunun qiyməti əvvəlki aya nisbətən İtaliya bazarında 7.6%, İspaniya bazarında 28.4%, Yunanıstan bazarında 28.5% ucuzlşaraq müvafiq olaraq 9285 dollar, 6286 dollar və 5882 dollar səviyyəsinə enib.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.