Bu il Milli Məclisin yaz sessiyası fevralın 3-də başlayacaq. AzPost-un xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır. İclaslar mayın 31-dək davam edir.
Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Bu il fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün yaz sessiyasının ilk iclası fevralın 3-də keçiriləcək.
Xatırladaq ki, Parlamentin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Parlamentin növbədənkənar sessiyası çağırıldıqda tətil növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.