Azərbaycanda hərbi xidmətə çağırış sahəsində qanun pozuntuları və korrupsiya faktları ilə bağlı araşdırmalar davam etdirilir. 2026-cı ilin yanvar ayından indiyədək bu sahədə 8 cinayət işi üzrə ibtidai istintaq aparılıb. Onlardan 5-i tamamlanaraq 8 nəfər barəsində baxılması üçün məhkəmələrə göndərilib.
Bu barədə Baş Prokurorluğun hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına qarşı görülən tədbirlərlə bağlı açıqlamasında bildirilib.
7 vəzifəli şəxs və 1 vətəndaş barəsində işlər məhkəməyə göndərilib
Baş Prokurorluğun məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti dövlət qurumları ilə birgə çağırış sahəsində qanun pozuntularının aşkarlanması, qarşısının alınması və korrupsiyaya qarşı mübarizə istiqamətində kompleks tədbirlər həyata keçirir.
2026-cı ilin yanvar ayından indiyədək SHXÇDX tərəfindən təqdim edilən rəsmi məlumatlar və vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxs, eləcə də qanunazidd əməllərdə iştirakı ehtimal olunan 121 nəfər barəsində araşdırmalar aparılıb.
Həmin dövrdə hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib. Aşkarlanan faktlar üzrə cinayət işləri başlanaraq istintaqa göndərilib.
Məhkəmələrə göndərilən 5 cinayət işi üzrə 7 vəzifəli şəxs və 1 vətəndaş olmaqla, ümumilikdə 8 nəfər barəsində ibtidai istintaq tamamlanıb.
Məhkəməyə göndərilən işlər üzrə 6 təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əlavə olaraq onların vəzifədən kənarlaşdırılması barədə tədbirlər tətbiq olunub. Digər 2 şəxs barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda daha 3 cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Bu işlərdən biri üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma tədbirləri tətbiq olunub.
Çağırışçıların tibbi müayinələrində də pozuntular aşkarlanıb
Araşdırmalar zamanı çağırışçıların tibbi müayinələrinin tam aparılmaması və yanlış diaqnozların qoyulması nəticəsində səhhətində problem olan şəxslərin hərbi xidmətə göndərilməsi faktları müəyyən edilib. Bəzi hallarda həmin şəxslərin sonradan vaxtından əvvəl xidmətdən tərxis olunduğu bildirilib.
Bundan başqa, SHXÇDX-nin yerli qurumlarında aparılan daxili yoxlamalar zamanı da qanun pozuntuları aşkar edilib.
İbtidai istintaq çərçivəsində 3 cinayət işi üzrə 9 çağırışçıya komisyon məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertizanın nəticələrinə əsasən, onlardan 1-i hərbi xidmətə yararlı hesab edilib, 2 nəfərə isə xidmətdən möhlət hüququ verilib. Digər 6 nəfər üzrə ekspertiza davam edir.
32 təqdimat göndərilib, əməkdaşlar intizam məsuliyyətinə cəlb olunub
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara ümumilikdə 32 təqdimat göndərilib. Onlardan 18-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, 6-sı Səhiyyə Nazirliyinə, 4-ü TƏBİB-ə, 3-ü Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə, 1-i Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ünvanlanıb.
Təqdimatların 14-ü birbaşa SHXÇDX-nin 35 yerli strukturunda sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi ilə bağlı olub. Görülən tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Həmçinin 4 həkimə, 10 vəzifəli şəxsə və 1 fiziki şəxsə xəbərdarlıq edilib, müvafiq kollektivlərdə müzakirələr aparılıb.
Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.
Baş Prokurorluq bildirib ki, hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarının və digər neqativ halların qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər davam etdiriləcək və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.