2025-ci ildə dünyanın ən yaxşı hava limanları açıqlanıb.
Valyuta.az xəbər verir ki, “Skytrax” beynəlxalq reytinq təşkilatının qiymətləndirməsinə görə, Sinqapurun “Changi” hava limanı 2025-ci ildə dünyanın ən yaxşı hava limanı seçilib. Bu, “Changi”nin adıçəkilən mükafata 13-cü dəfə layiq görülməsidir. Eyni zamanda hava limanı yalnız tranzit nöqtəsi deyil, həm də sərnişinlər üçün əyləncə və istirahət mərkəzi kimi tanınır. Burada 10 mərtəbəli “Jewel” ticarət mərkəzi, dünyanın ən böyük qapalı şəlaləsi, tropik bağlar, kinoteatr, spa və hətta dinozavr parkı mövcuddur.
“Changi” bu il əlavə olaraq “Ən yaxşı hava limanı restoranları”, “Ən təmiz sanitar qovşaqlar” və “Asiyanın ən yaxşı hava limanı” nominasiyalarında da qalib olub. Məlumata görə, hava limanında beşinci terminalın tikintisi və xidmətlərin genişləndirilməsi üçün yaxın altı ildə 2 milyard dollardan çox sərmayə ayrılması planlaşdırılır.
Siyahının ikinci pilləsində isə Dohadakı “Hamad” hava limanı qərarlaşıb. 2024-cü ildə 52,7 milyon sərnişinə xidmət göstərən bu liman “Yaxın Şərqin ən yaxşı hava limanı” və “Ən yaxşı hava limanı ticarəti” kimi mükafatlara da layiq görülüb.
2025-ci il üçün “Skytrax” reytinqinə əsasən dünyanın ən yaxşı 20 hava limanı:
1. Sinqapur “Changi”
2. Qətər “Hamad”
3. Yaponiya “Tokyo Haneda”
4. Cənubi Koreya “Incheon”
5. Yaponiya “Narita”
6. Çin Xalq Respublikası “Hong Kong”
7. Fransa “Charles de Gaulle” (Paris)
8. İtaliya “Fiumicino” (Roma)
9. Almaniya “Munich”
10. İsveçrə “Zurich”
11. Birləşmiş Ərəb Əmirlikləri “Dubai”
12. Finlandiya “Helsinki-Vantaa”
13. Kanada “Vancouver”
14. Türkiyə “İstanbul”
15. Avstriya “Vyana”
16. Avstraliya “Melburn”
17. Yaponiya “Chubu Centrair”
18. Danimarka “Kopenhagen”
19. Niderland “Şiphol” (Amsterdam)
20. Bəhreyn “Bahrain”