Bakıda bacısının başına yumuruqla vuran şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il təvəllüdlü Afər F. Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilib.
Afər hadisə baş verən gün evinə içkili gəldiyi üçün ailəsində mübahisə baş verib. O, içkili olduğundan anası E.F. və bacısı C.F. ilə mübahisəsi davaya çevirilib. Təqsirləndirilən şəxs əsəbləşərək bacısının başına yumuruqla zərbələr endirib. Nəticədə qadına sağ təpə nahiyyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşaiyət edilən hematoması diaqnozu qoyulub. Hadisə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində evlərin birində baş verib.
Afər ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, günahını etiraf edib. Hadisəni isə anası və bacısının onun spirtli içki qəbul etdiyi üçün evə gəldikdə kobud rəftar etmələri və onu saymadıqları üçün törətdiyini deyib.
Məhkəmədə E.F. və C.F. təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər.
Məhkəmənin qərarı ilə Afər 6 ay müddətə azadlığın məhdudlaşdırılması təyin edilsin. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.