Limak Kargo şirkətinin xidməti ilə bağlı ciddi narazılıq sosial şəbəkələrdə geniş rezonans doğurub. Müştəri Əzizə Məhərrəmli şəxsi Facebook hesabında paylaşdığı statusda şirkətin məsuliyyətsizliyi və rəhbərliyin qeyri-etik davranışı ilə bağlı narazılığını bildirib.
AzPost xəbər verir ki, vətəndaş 30 aprel 2025-ci il tarixində Temu platforması vasitəsilə sifariş etdiyi bağlamanın bu günə qədər ona çatdırılmadığını qeyd edib. Ən təəccüblüsü isə odur ki, şəxsi kabinetində həmin bağlama “çatdırılıb” statusu ilə qeyd olunub.
Əzizə Məhərrəmli beş gün ərzində dəfələrlə Limak Kargo şirkətinə zəng etdiyini, hər zəngdə uzun müddət gözləməli olduğunu və nəticədə 30 manata yaxın kontur xərci çəkdiyini bildirib. Qeyd edilib ki, bağlamanın dəyəri 50 manat olub, lakin məsuliyyətsizlik səbəbindən artıq bu məbləğin yarısı qədər əlavə xərc yaranıb.
Nəhayət, 23 may 2025-ci ildə şirkətin əməkdaşı zəng edərək bağlamanın itdiyini və ödənişin gün ərzində geri qaytarılacağını deyib. Lakin o vaxtdan bu günə qədər nə ödəniş olunub, nə də məsələ ilə bağlı rəsmi cavab verilib.
Daha ciddi narazılıq doğuran məqam isə şirkət rəhbərliyinin vətəndaşla təhqiramiz və alçaldıcı üslubda danışması olub. Rəhbərlikdən biri Əzizə Məhərrəmliyə “50 manat nə puldur ki, bu qədər ortalığı qarışdırmısız”, “20 gün Kitayı gözləmisiz, bir həftə bizim pulu gözləmirsiz?” və “mən danışanda səsini kəs” kimi ifadələr işlədib.
Limak Kargo tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.