ABŞ və Fransadan olan alimlərin birgə araşdırması ailə vəziyyətinin demans riskinə təsirini ortaya qoyub. AzPost bildirir ki, Florida Dövlət Universiteti və Montpellier Universitetinin tədqiqatçıları 18 il ərzində 24 mindən çox insanın sağlamlıq vəziyyətini izləyərək maraqlı nəticələr əldə ediblər. Sən demə, evli olanlar arasında demans riski daha yüksəkdir – bu qrupda risk 21,9 faiz təşkil edib.
Ən aşağı risk isə heç vaxt evlənməmişlərə (12,4%) və boşanmışlara (12,8%) aid edilib. Hətta dul şəxslərdə də göstərici evlilərlə eyni səviyyədə, yəni 21,9 faiz olub. Alimlər hesab edirlər ki, birlikdə yaşamaqdan doğan xroniki stress, eləcə də həyat yoldaşının yerinə qərar verən şəxsə çevrilmək zehni fəaliyyəti azalda bilər.
Tədqiqatçılar qeyd edirlər ki, subay insanların gündəlik həyatlarında qərarvermə qabiliyyəti və sosial-məişət bacarıqları daha aktiv şəkildə işləyir və bu, beyin üçün müsbət təsir yarada bilər. Bəzi tənqidçilər isə nəticələrin dəqiqliyinə ehtiyatla yanaşır. Onlar bildirirlər ki, subay insanlarda erkən simptomların aşkar olunmaması və ya daha gec diaqnoz qoyulması statistik fərqə səbəb ola bilər.
Bundan əlavə, demansın ilkin mərhələlərində sosial aktivliyin azalması və evliliyə marağın düşməsi də nəticələri təhrif edə bilər. Eyni zamanda, araşdırma ailə münasibətlərinin keyfiyyətini və sosial dəstək şəbəkəsinin rolunu nəzərə almır. Nəticə etibarilə, alimlər bildirirlər ki, subay qalmaq demansı tamamilə önləməsə də, bu vəziyyətin riskə necə təsir etdiyini anlamaq üçün daha genişmiqyaslı və dərin tədqiqatlara ehtiyac var.