Kapital Bank-ın “Birbank” tətbiqi vasitəsilə onlayn alış-veriş edən müştəri ona vəd edilən cashback-in 10 gündən çoxdur geri qaytarılmamasından narazıdır. Elvin Hüseynzadə adlı vətəndaş sosial şəbəkədə paylaşım edərək bildirib ki, 22 sentyabr 2025-ci ildə Birmarket onlayn mağazasından Kapital Bank kartı ilə iki ədəd Samsung telefon alıb və həmin ay üçün bu platformadan alış-verişdə 5,5% cashback təyin edildiyi qeyd olunub. Lakin məhsulu təhvil aldıqdan sonra bonus hesablanmayıb.
AzPost xəbər verir ki, E. Hüseynzadənin sözlərinə görə, o banka müraciət etdikdə 48 saat ərzində cashback-in qaytarılacağı və narahat olmaması bildirilib. 48 saat bitdikdən sonra bank sistemində “səhv olduğu” deyilib və 5 iş günü gözləməsi istənilib. O, razılaşıb və 24 sentyabr tarixində onun adından rəsmi müraciət qeydə alınıb. Lakin 5 iş günü keçməsinə baxmayaraq, nə bonus qaytarılıb, nə də məsələ ilə bağlı nəticə təqdim edilib.
Müştəri yenidən Birbank onlayn çatına yazdıqda Yusif adlı operator 5 iş gününün hələ tamamlanmadığını iddia edib və iş saatı 18:00-dan sonra növbəti günə keçdiyini bildirib. Daha sonra 196 qaynar xətti vasitəsilə yenidən əlaqə saxlayanda operator 5 iş gününün bitdiyini təsdiqləyib və yeni “narazılıq caseni” açıb. Lakin bir müddət sonra sistemdə müraciətin “həll olundu” statusu göstərilib.
Hüseynzadə bildirib ki, operatorlar bunun “müştəriyə nəticə bildirilmədiyi üçün belə göründüyünü” izah etməyə çalışıb. 3 oktyabrda yenidən zəng etdikdə bu dəfə ona “müraciətin 30 iş gününə qədər uzadıla biləcəyi” deyilib. O, bunun banka aid qaydalarda yazılmadığını soruşduqda operator “Dövlət qanunvericiliyində vətəndaş müraciətlərinə baxılması haqqında qaydalarda belə bir müddət olduğunu” bildirib.
Şikayətçi deyir ki, 6 oktyabrda edilən sonuncu zəngdə isə yenidən “təcili narazılıq müraciəti” yaradıldığı deyilsə də, artıq 10 gündən çox vaxt keçir, amma bankdan tutarlı cavab verilmir.
Kapital Bank isə şərhində məsələni araşdırmaq üçün müştəridən şəxsi məlumat və sorğu kodu istəyib və “müştəri məmnuniyyətinin prioritet olduğunu” bildirib. Buna baxmayaraq, istifadəçi hələ də problemin həll edilmədiyini deyir.
Hadisə sosial şəbəkədə bank xidmətləri ilə bağlı şəffaflıq və operativlik məsələlərini yenidən gündəmə gətirib.