Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının (Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə) auditi aparılıb.
AzPost xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.
Qeyd edək ki, Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxanasının (Şuşa Müalicə-Sağlamlıq Mərkəzi) tikintisinin 1-ci mərhələsi 2022-ci ildə yekunlaşıb və “FƏRİD-İNŞAAT Firması ilə 40.808.274,66 manat məbləğində satınaılma müqaviləsi bağlanıb.
2024-cü ildə II mərhələ üzrə keçirdiyi tender müsabiqəsi zamanı “FƏRİD-İNŞAAT” Firması ilə 21.424.487,74 manat məbləğində satınaılma müqaviləsi bağlanıb. Beləliklə xəstəxananın tikintisinə ümumilikdə 62 milyon manatdan çox vəsait sərf olunub.
Auditin nəticələri ilə bağlı hesabat hələ ki, Palatanın rəsmi internet səhifəsinə yerləşdirilməyib.
Xatırladaq ki, 7 noyabr 2021-ci il tarixində Prezident İlham Əliyev Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.
9 may 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.