Qızıl və gümüşün qiymətləri rekord həddə qalxdı

ABŞ-ın sabiq prezidenti Donald Trampın Avropaya qarşı yeni gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı hədələri fonunda qızıl və gümüşün qiymətləri tarixi maksimumları yeniləyib. Geosiyasi gərginliyin artması investorları qoruyucu aktivlərə yönəldib. AzPost xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bazar ertəsi günü spot bazarda qızılın qiyməti bir unsiya üçün 4666 dolları keçib. ABŞ fyuçers bazarında da qızıl üzrə oxşar artım qeydə alınıb.

Qiymət artımına səbəb Trampın ABŞ-ın Qrenlandiyanı satın almaması halında Avropa ölkələrinə qarşı rüsumlar tətbiq edəcəyi ilə bağlı açıqlaması olub. Bu bəyanat Danimarka ilə münasibətləri daha da gərginləşdirib və Avropadakı müttəfiqlər arasında narahatlıq yaradıb.

StoneX şirkətinin analitiki Mett Simpson bildirib ki, yaranan gərginlik investorlar üçün qızıl alışları üçün yeni stimul olub. Onun sözlərinə görə, Trampın hədələri real görünür və bu, siyasi balanssızlığa gətirib çıxarır.

Gümüşün qiyməti də 3 faizdən çox artaraq 93 dollar səviyyəsinə yüksəlib. OCBC Bankın strateqi Kristofer Vonq gümüş bazarında təklif çatışmazlığının və yüksək tələbin davam etdiyini qeyd edib.

Bununla yanaşı, J.P. Morgan analitikləri gümüşdən daha çox qızıla üstünlük verirlər. Onların fikrincə, gümüş bazarında mümkün korreksiya müvəqqəti olaraq qızılın qiymətinə də təsir göstərə bilər. Platin və palladiumda da cüzi artım müşahidə olunub. Lakin əsas investor marağı məhz qızıl və gümüş üzərində cəmlənib.

Qeyd olunur ki, yanvarın 19-u səhər saatlarında gümüşün qiyməti 5 faizdən çox artaraq bir unsiya üçün 94 dolları keçib və bununla da yeni rekord müəyyənləşdirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.