Birmarket müştəriyə saxta məhsul satıb?– Alıcı 600 manat kredit borcu ilə üz-üzə qalıb

Birmarket
Birmarket

Bakıda tanınmış brendin adı ilə saxta məhsul satışı ilə bağlı növbəti narazılıq ictimailəşib. AzPost xəbər verir ki, aosial şəbəkə istifadəçisi Həyat Həsənovanın paylaşımına görə, rəfiqəsinə bir il əvvəl “Dyson” markalı fen hədiyyə edilib, lakin sonradan məhsulun orijinal olmadığı məlum olub.

İddia olunur ki, məhsul kredit yolu ilə alınıb və qiyməti orijinal bazar dəyərindən daha yüksək göstərilib. Alıcı uzun müddət başqa analoji məhsul istifadə etmədiyi üçün fərqi hiss etməyib. Yalnız son vaxtlar cihazın texniki göstəricilərində uyğunsuzluq – xüsusilə də kifayət qədər isinməməsi – şübhələr yaradıb.

Məsələ ilə bağlı qeyd olunur ki, satış “Birmarket” platforması üzərindən həyata keçirilib. Lakin paylaşımda bildirilir ki, problem birbaşa mağazanın fəaliyyəti ilə bağlıdır və platformanın özünün məhsulu təqdim etmədiyi vurğulanır. Buna baxmayaraq, alıcı tərəf vasitəçi şirkətin məsələyə anlayışla yanaşacağını gözləyir.

Hazırda məhsul üzrə təxminən 600 manat kredit borcunun qaldığı bildirilir. İstehlakçı isə sifariş nömrəsi və alış sənədlərinin mövcud olduğunu qeyd edir. Bununla belə, satışdan bir il keçdiyi üçün platforma tərəfindən geri dönüşün mümkün olmadığı bildirilib.

Mütəxəssislər bildirirlər ki, xüsusilə Dyson kimi beynəlxalq brendlərin məhsullarını alarkən rəsmi distribyutor və ya sertifikatlı satış nöqtələrinə üstünlük verilməlidir. Orijinal məhsullar adətən unikal seriya nömrəsi, zəmanət kartı və istehsalçı tərəfindən təsdiqlənmiş qablaşdırma ilə təqdim olunur.

Hüquqşünaslar isə vurğulayırlar ki, istehlakçıların aldadılması hallarında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən müraciət və araşdırma aparılması mümkündür. Əgər məhsulun saxta olduğu sübuta yetirilərsə, alıcı kompensasiya və ya müqavilənin ləğvi tələbi ilə çıxış edə bilər.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.