Korrupsiyaya qarşı mübarizədə mühüm bir yanaşma dəyişir. Dövlət artıq korrupsiya törədən şəxsi aşkar edib cəzalandırmaqla kifayətlənmir, korrupsiya faktını üzə çıxaran şəxsi də sistemin aktiv iştirakçısına çevirir.
Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinin ən diqqətçəkən müddəalarından biri məhz budur. Korrupsiya barədə verdiyi məlumat təsdiqlənən şəxs minimum əməkhaqqının 25 mislinədək mükafat ala biləcək. Üstəlik, bu mükafat gəlir vergisindən azad ediləcək. Bu, sadəcə pul mükafatı deyil. Əslində, dövlət korrupsiyanın aşkarlanmasına vətəndaşın da töhfəsini hüquqi mexanizmlə stimullaşdırmış olur.
Daha mühüm məqam isə mükafatın yalnız məlumatın verilməsinə görə avtomatik ödənilməməsidir. Məlumat təsdiqini tapmalı və korrupsiya hüquqpozmasının aşkar edilməsində real əhəmiyyət daşımalıdır. Mükafat müəyyən edilərkən hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq. Amma ən böyük yenilik bundan da irəli gedir.
Əgər cinayət işi nəticəsində dövlətə vəsait qaytarılırsa və ya maddi zərərin ödənilməsi təmin edilirsə, məlumat verən şəxsə dövlətə qaytarılan vəsaitin və ya təmin edilmiş maddi ziyanın 5 faizi məbləğində əlavə ödəniş nəzərdə tutulur. Bu, korrupsiyanın aşkarlanmasını yalnız mənəvi və vətəndaşlıq məsuliyyəti deyil, həm də konkret hüquqi stimulla dəstəkləyən yeni yanaşmadır. Burada çox ciddi bir məntiq var. Dövlətin pulunu mənimsəyən şəxs itirir, dövlətin pulunun geri qaytarılmasına kömək edən şəxs isə dövlət tərəfindən mükafatlandırılır. Bu mexanizmin potensial faydası ilk növbədə korrupsiyanın gizli qalması üçün yaranan mühitin zəiflədilməsidir. Çünki korrupsiya faktını çox vaxt kənardan deyil, hadisənin içində olan insanlar görür. İşçi qanunsuz tələbi, sahibkar qeyri-rəsmi ödəniş tələbini, vətəndaş isə ona göstərilən xidmət zamanı qanunsuz münasibəti daha tez görə bilər.
Ancaq məlumat vermək üçün yalnız hüquqi imkanın olması kifayət etmir. İnsan bilməlidir ki, məlumat verdikdən sonra özü müdafiəsiz qalmayacaq. Məhz buna görə həvəsləndirmə mexanizmi ilə yanaşı, məlumat verən şəxsin müdafiəsi də fundamental əhəmiyyət daşıyır. Əgər bu mexanizm düzgün işləsə, bir neçə istiqamətdə nəticə verə bilər. Birincisi, korrupsiya faktlarının daha erkən aşkarlanması mümkün olacaq. İkincisi, dövlətə vurulan maddi ziyanın daha böyük hissəsinin geri qaytarılması üçün əlavə imkan yaranacaq. Üçüncüsü, sahibkarlar üçün qeyri-rəsmi ödənişlərdən və şəxsi əlaqələrdən daha az asılı olan biznes mühitinin formalaşmasına töhfə verə bilər. Dördüncüsü, dövlət qurumlarında korrupsiya risklərinin gizlədilməsi deyil, aşkarlanması və aradan qaldırılması üçün əlavə stimul yaranacaq. Beşincisi, vətəndaşın dövlət idarəçiliyində passiv müşahidəçidən aktiv tərəfə çevrilməsi üçün hüquqi zəmin güclənəcək.
Amma hər bir yeni mexanizm kimi, bunun da riskləri var. Ən əsas risk odur ki, mükafat mexanizmi şəxsi maraq naminə əsassız, qərəzli və ya rəqibə qarşı istifadə edilən məlumatların artmasına səbəb olmasın. Ona görə də məlumatın obyektiv araşdırılması, məxfiliyin qorunması, məlumat verən şəxsin təzyiq və təqibdən müdafiəsi, eləcə də qəsdən yalan məlumat verilməsinə qarşı hüquqi mexanizmlər eyni dərəcədə vacibdir. Başqa sözlə, mükafat sistemi korrupsiyaya qarşı mübarizəni gücləndirməlidir, şəxsi hesablaşma mexanizminə çevrilməməlidir. Ən mühüm məsələ isə qanunun kağız üzərində necə yazılması deyil, praktikada necə işləməsidir. Vətəndaş bilməlidir ki, onun verdiyi məlumat obyektiv araşdırılacaq. Onun kimliyi qorunacaq. Ona görə təzyiq göstərilməyəcək. Məlumatı korrupsiyanın qarşısının alınmasına real töhfə verərsə, qanunun nəzərdə tutduğu mükafatı alacaq. Əgər bu prinsiplər təmin olunarsa, söhbət sadəcə yeni qanundan getməyəcək. Söhbət korrupsiyaya qarşı mübarizənin fəlsəfəsinin dəyişməsindən gedəcək. Korrupsiyaya susmamaq vətəndaşlıq mövqeyidirsə, onu ifşa etmək üçün vətəndaşa hüquqi təminat vermək dövlətin məsuliyyətidir.
Çinarə Ağayeva
Biznes məsləhətçi
