Azərbaycanın səhiyyə sistemində mühüm yenilik baş verib.
Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında yeni qərar qəbul edib.
Bu dəfə söhbət göstərilən xidmətlərin sayının artırılmasından deyil, bu xidmətlərin göstərildiyi insanların sıralarının genişlənməsindən gedir.
Qərara əsasən, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə yeni məzmunda 12-ci hissə əlavə edilir. Həmin hissəyə əsasən bundan sonra ölkədəki icbari tibbi sığortadan məhbuslar – yəni həbs edilmiş şəxslər, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslər də istifadə edə biləcəklər.
Qərara əsasən əlavə edilən hissə belə də adlanır: «12. Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlərin göstərilməsi şərtləri»
Yeni qərara görə, həbs edilmiş və cəza çəkən şəxslərə “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan xidmətlər müəyyən şərtlərlə göstəriləcək. Əvvəla, bu qaydalar məntəqə tipli cəzaçəkmə müəssisələrinə şamil edilməyəcək. Digər tərəfdən, məhbuslara tibbi xidmət o vaxt icbari sığorta ilə göstəriləcək ki, həmin yerdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində həmin tibbi xidməti göstərmək üçün lazımi avadanlıq və ya mütəxəssisləri olmasın.
Bundan başqa, qərarda məhbuslar icbari sığortaya buraxılsa da, onlaprın sayına və göstərilən xidmətlərin həcminə limit qoyulub.
Belə ki, yeni qaydaya görə, bir il ərzində bu xidmətlərdən yararlanan məhbusların sayı 1 500 nəfəri keçməməlidir. Həmçinin bir il ərzində icbari tibbi sığorta fondu hesabına edilən ödənişlərin ümumi məbləği 200 min manatdan çox olmamalıdır.
Eyni zamanda, qərara əsasən, məhbuslara tibbi xidmət göstərilərkən təhlükəsizlik tədbirlərini Ədliyyə Nazirliyi təmin edir.