Vərəm xəstələrinin hüquqları ilə bağlı maarifləndirici təlim keçirilib

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi tərəfindən vərəmlə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə fəaliyyətləri davam etdirilir. Təşkilat tərəfindən vərəmin təsirinə məruz qalmış insanların hüquqları haqqında bəyannamənin təşviqi məqsədilə növbəti maarifləndirici təlim keçirilib. Təlim TƏBİB tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikasında təşkil edilib. Tədbirdə poliklinikada qeydiyyatda olan vərəmdən əziyyət çəkən pasiyentlər və tibb personalı iştirak ediblər.

Maarifləndirici təlimin əsas məqsədi vərəmin təsirinə məruz qalmış insanların hüquqları ilə bağlı məlumatlılığın artırılması olub. Təlim zamanı bəyannamədə əks olunan maddələr sadə və anlaşıqlı şəkildə, iştirakçıların gündəlik həyatına uyğun nümunələrlə izah edilib. İştirakçılara sağlamlıq xidmətlərindən bərabər istifadə, diskriminasiyadan müdafiə, məxfilik hüququ, təhlükəsiz və keyfiyyətli müalicə almaq hüququ kimi mühüm prinsiplər barədə ətraflı məlumat verilib.

Təlim çərçivəsində pasiyentlərlə açıq dialoq mühiti yaradılıb, onların qarşılaşdıqları sosial və tibbi problemlər dinlənilib. Eyni zamanda tibb personalı ilə hüquq əsaslı yanaşmanın əhəmiyyəti müzakirə olunub. Tədbir boyunca qarşılıqlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. Bu yanaşma həm pasiyentlərin öz hüquqlarını daha yaxşı anlamasına, həm də səhiyyə işçilərinin pasiyent yönümlü xidmət prinsiplərini daha dərindən mənimsəməsinə töhfə verib.

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi hesab edir ki, vərəmlə effektiv mübarizə yalnız tibbi müdaxilə ilə deyil, eyni zamanda insan hüquqlarına əsaslanan yanaşmanın gücləndirilməsi ilə mümkündür. Bu cür maarifləndirici təşəbbüslər cəmiyyətdə stiqmanın və ayrı-seçkiliyin azaldılmasına, pasiyentlərin sosial müdafiəsinin gücləndirilməsinə və səhiyyə sistemində daha humanist münasibətin formalaşmasına xidmət edir. Təşkilat gələcəkdə də vərəmin təsirinə məruz qalmış insanların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.

Fotolar

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.