Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 2026-cı ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6%-i ərzaq məhsullarının payına düşüb.
Azpost.info bildirir ki, əhali ticarət şəbəkəsində ümumilikdə 15 milyard 927,3 milyon manat vəsait xərcləyib. Bunun 8 milyard 774,9 milyon manatı ərzaq məhsullarının alınmasına sərf olunub. Hər bir istehlakçı orta hesabla ayda 517,2 manat xərcləyib, bunun da 284,9 manatı məhz ərzaq məhsullarının payına düşüb.
Azərbaycanda nə üçün ən çox ərzağa pul xərcləyir?
Azərbaycanda qeydə alınan bu göstərici iqtisadi baxımdan diqqət çəkən məqamdır. Ekspertlərin fikrincə, bir çox inkişaf etmiş ölkələrlə müqayisədə yüksək sayılır. Ekspertlər hesab edir ki, Azərbaycan vətəndaşı ay ərzində xərclədiyi hər 100 manatın 50 manat 60 qəpiyini ərzaq məhsullarına xərcləməsi dünyada kasıblıq əlaməti sayılır.
Beynəlxalq iqtisadi təcrübədə əhalinin gəlirinin böyük hissəsinin ərzağa sərf olunması adətən aşağı və orta gəlirli ölkələr üçün xarakterik göstərici hesab edilir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 9% ilə 20% arasındadır.
İqtisadi nəzəriyyəyə görə, gəlir artdıqca ərzağa xərclənən pay azalır, xidmətlər, əyləncə və yığım xərcləri artır. Bu səbəbdən ərzaq xərclərinin 50%-i keçməsi bəzi iqtisadçılar tərəfindən yaşayış xərclərinin yüksəkliyi və gəlir strukturunun zəifliyi siqnalı kimi qiymətləndirilir.
Azərbaycanda vəziyyət niyə belədir?
Ekspertlər və iqtisadçılar bu tendensiyanı bir neçə əsas faktorla izah edirlər. Bura qiymət artımı mühüm faktordur. Son illərdə ərzaq məhsullarında xüsusilə, yağ, un və un məhsulları, ət və süd məhsulları kimi kateqoriyalarda qiymət artımı müşahidə olunur. Əhalinin gəlir səviyyəsi ilə ərzaq qiymətləri arasında fərq olduğu üçün, ailə büdcəsinin böyük hissəsi gündəlik ehtiyaclara yönəlir. Üstəlik bir sıra ərzaq məhsulları idxaldan asılıdır. Bu isə valyuta məzənnəsi, logistika xərcləri, beynəlxalq bazar qiymətləri ilə birbaşa əlaqəlidir.
Ailədə ərzaq xərcləri “təxirəsalınmaz xərclər” kateqoriyasına daxildir. Bu da onların ümumi xərclərdə payını artırır. İqtisadi terminlərlə izah etsək, bu vəziyyət istehlak strukturunun “ərzaq yönümlü” olduğunu göstərir, ailə büdcəsində yığım və investisiya imkanlarının məhdud ola biləcəyinə işarə edir. İqtisadçıların fikrincə, ərzağa xərclərin yüksək olması təkcə qiymət problemi deyil, həm də gəlir səviyyəsi, məhsuldarlıq, istehsal strukturu kimi faktorlarla bağlıdır.
Onların qənaətinə görə, uzunmüddətli həll üçün əsas hədəf yerli istehsalın artırılması, logistik xərclərin azalması, gəlirlərin yüksəlməsi olmalıdır. Azərbaycanda xərclərin yarısından çoxunun ərzağa yönəlməsi, ilk baxışda sadə statistika kimi görünsə də, əslində iqtisadi struktur və yaşayış xərcləri haqqında ciddi siqnal verir.
Ekspertlər hesab edir ki, bu göstəricinin aşağı düşməsi üçün əsas faktor gəlirlərin artması və ərzaq bazarında sabitlikdir.
Samir Abdullayev