Rusiya freqatı La-Manşda Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb.
“Sky News”un məlumatına görə, Rusiyanın «Admiral Qriqoroviç» freqatı La-Manş boğazında ona yaxınlaşan Britaniya yaxtası istiqamətində xəbərdarlıq atəşi açıb.
Hadisə bu gün təxminən saat 11:40-da Böyük Britaniyanın ərazi sularından kənarda, Britaniyanın Uayt (Wight) adası ilə Fransanın Normandiya sahili arasında baş verib. İlkin məlumatlara görə, Rusiya gəmisi 500 yard (457 metr) məsafədən atəş açıb.
Britaniya Müdafiə Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb. Xəbərdarlıq atəşinə məruz qalan yaxta Böyük Britaniyada qeydiyyatdan keçsə də, onun kimə məxsus olduğu və Rusiya freqatına niyə yaxınlaşdığı hələlik məlum deyil. Xəsarət alanlar barədə məlumat yoxdur.
Bu hadisədən iki gün əvvəl Britaniya rəsmiləri La-Manş boğazında Kamerun bayrağı altında hərəkət edən və böyük ehtimalla Rusiyanın «kölgə donanması»na aid olan “Smyrtos” tankerini saxlamışdı. Gəminin kapitanına Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınma ittihamı irəli sürülüb.
Bununla belə, Böyük Britaniya Müdafiə Nazirliyi bugünkü insidenti “Smyrtos” tankerinin saxlanılması ilə əlaqələndirmir. Qurum baş verənləri fərdi (müstəsna) bir hal hesab edir.
“Admiral Qriqoroviç” “kölgə donanması”na məxsus tankerləri müşayiət edir. Aprel ayında məlum olmuşdu ki, freqat Rusiya neftini daşıyan ən azı iki gəminin Britaniya sularından təhlükəsiz keçidini təmin edib.
Sonradan Böyük Britaniyanın Baş naziri Kir Starmer sanksiya altındakı gəmiləri saxlayacaqlarına dair söz verib.