Metroda, kafedə, parkda, hətta ailə daxilində eyni mənzərəni müşahidə edirik. Hamı başını aşağı salıb, barmaqlar ekran üzərində sürətlə hərəkət edir. Sosial şəbəkələr bizi “dünyanın digər ucundakı insanla saniyələr içində əlaqə saxlamaq” vədi ilə cəlb etsə də, bu gün bəşəriyyət tarixinin ən böyük paradokslarından birini yaşayır: Heç vaxt bu qədər əlaqədə və heç vaxt bu qədər tənhə olmamışdıq.
Azpost.info-nun məlumatına görə, sosioloqlar və psixoloqlar bu fenomeni “rəqəmsal tənhalıq” adlandırırlar. Virtual dünyada yüzlərlə dostumuz, minlərlə izləyicimiz ola bilər, bəs real həyatda başımız ağrayanda zəng edə biləcəyimiz neçə nəfər var?
İllüziya və reallıq şoku
Sosial şəbəkələr bizə saxta bir “aidiyyət” hissi bəxş edir. Paylaşdığımız fotoya gələn şərhlər və “bəyənmə”lər beynimizdə xoşbəxtlik hormonu olan dopamin ifrazına səbəb olur. Lakin bu təsir keçici rəqəmsal reaksiyadır. Ekranı söndürdüyümüz an reallıqla üz-üzə qalırıq. İnsanlar artıq bir-birinin uğurlarını internetdən izləyir, lakin real emosional dəstək vermək prosesindən qaçırlar. Hətta yaxın dostların bir araya gəldiyi görüşlərdə belə, masanın üzərinə qoyulan telefonlar diqqəti dağidir, səmimi və dərin söhbətlərin qarşısını kəsir.
“Müqayisə” tələsi
Rəqəmsal tənhalığı bəsləyən digər faktor isə “mükəmməl həyatlar” illüziyasıdır. Instagram və ya TikTok-da hamının gəzdiyini, dadlı yeməklər yediyini, xoşbəxt olduğunu görən fərd, öz sıravi həyatını onlarla müqayisə etməyə başlayır. Bu isə insanda “mən nəsə qaçırıram”, “hamı xoşbəxtdir, bir tek mən uğursuzam” düşüncəsi yaradaraq onu cəmiyyətdən daha da təcrid edir.
Çıxış yolu haradadır?
Texnologiyadan tamamilə imtina etmək qeyri-mümkündür və buna ehtiyac da yoxdur. Reallıq hissini qorumaq üçün kiçik qaydalar tətbiq etmək olar: məsələn, dostlarla görüşərkən “telefonları masaya üzüaşağı qoymaq və ilk toxunanın hesabı ödəməsi” oyunu, həftə sonları bir neçə saatlıq rəqəmsal detoks (internetsiz vaxt) və ən əsası — emosiyaları mesajlarla deyil, zəng edərək və ya görüşərək ötürmək. Unutmayın, heç bir emoji real qucaqlaşmanın və səmimi baxışın yerini verə bilməz.
Sunay