Nazir narahatdır: Şagirdlərin 70 faizinin minimal bilik səviyyəsi yoxdur- Bəs milyardlar hara xərclənir?

Elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə eyib ki, IV və VI siniflər üzrə monitorinqlərdə narahatedici nəticələr qeydə alınıb.

Nazir bildirib ki, IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələrinə əsasən, bəzi siniflərdə şagirdlərin 50-70 faizi minimal təhsil standartlarına cavab vermir. Onun sözlərinə görə, belə siniflərin sayı az deyil.

Təhsil sahəsinin inkişafı prioritet məsələ sayılsa da məktəblərdə tədrisin səviyyəsi ilə bağlı problemlər aktuallığını saxlayır.

Azpost.info bildirir ki, dövlətin təhsil sahəsinə diqqəti ildən-ilə genişlənir, dövlət büdcəsində təhsil xərcləri artırılır.

Dövlət büdcəsində təhsil xərcləri müdafiə xərclərindən sonra ən böyük paya sahib olan istiqamətlərdən biridir. Son illərdə bu sahəyə ayrılan vəsaitlərin dinamikasında mütəmadi artım müşahidə olunur. Məsələn, 2026-cı ilin dövlət büdcəsində təhsil və elm xərcləri üçün 5,2 milyard manat vəsait nəzərdə tutulub. Bu rəqəm əvvəlki illə müqayisədə 68,4 milyon manat və ya 1,3% çoxdur. Ümumilikdə isə son 5 ildə təhsil sektoruna ayrılan büdcə vəsaitləri 1,6 dəfə artırılıb. Ayrılan vəsaitin əsas hissəsi – 940,1 milyon manat ümumi təhsil xərclərinə yönəldilməsi planlaşdırılır.

Bir şagirdə düşən təhsil xərci nə qədərdir?

“Bir şagirdə düşən təhsil xərci” anlayışı dövlət məktəblərində təhsil alan bir nəfərin bir illik tədris, infrastruktur və təminat xərclərinin orta hesabla dövlətə neçəyə başa gəldiyini göstərir.

Elm və Təhsil Nazirliyinin rəsmi hesabatlarına əsasən, dövlət büdcəsindən ümumtəhsil məktəblərində oxuyan bir şagird üçün il ərzində orta hesabla 2 100 – 2 300 manat civarında vəsait xərclənir. Bu məbləğə müəllimlərin əməkhaqqı, məktəbin kommunal xərcləri (kommunasiya, istilik, işıq), pulsuz paylanan dərsliklər, məktəb avadanlıqları və cari təmir işləri daxildir.

Bir şagirdə düşən xərc bütün məktəblərdə eyni deyil. Məsələn, Bakıdakı 2-3 min şagirdi olan böyük bir məktəbdə bir şagirdə düşən xərc daha az olduğu halda, dağ kəndlərində cəmi 10-15 şagirdi və 5-6 müəllimi olan azkomplektli məktəblərdə bir şagirdin illik dövlətə maliyyə yükü 4 000 manatdan çox ola bilir. Dövlət sosial bərabərliyi qorumaq üçün dağ kəndlərindəki şagirdlərə daha çox dotasiya ayırmalı olur.

 Təhsil büdcəsi artır, bəs keyfiyyət niyə axsayır?

Təqdim olunan rəsmi rəqəmlər və Elm və Təhsil naziri Emin Əmrullayevin son bəyanatı Azərbaycanda ümumi təhsil sisteminin ən yaralı yerini — maliyyələşmə ilə effektivlik arasındakı ciddi təzadı ortaya qoyur.

Burada 3 əsas məqam diqqəti çəkir. İlk olaraq maliyyə paradoksunu qeyd etmək olar. Dövlət büdcəsində təhsil xərcləri son 5 ildə 1,6 dəfə artaraq 2026-cı ildə rekord həddə – 5,2 milyard manata çatıb. Dövlət hər bir şagird üçün ildə orta hesabla 2 100 – 2 300 manat (bəzi dağ kəndlərində isə 4 000 manatdan çox) vəsait xərcləyir. Lakin bu böyük maliyyə qoyuluşunun qarşılığında IV və VI sinif şagirdlərinin 50-70%-nin minimal standartlara belə cavab verməməsi, ayrılan pulların hələ ki fundamental keyfiyyət dəyişikliyinə çevrilmədiyini göstərir.

Burada infrastruktur və regional bərabərsizlik amili da var. Bir şagirdə düşən xərcin dağ kəndlərində 4 000 manatı keçməsi dövlətin sosial bərabərlik prinsiplərinə sadiqliyini -hər bir uşağın təhsil almaq hüququnu dəstəklədiyini sübut edir. Lakin regionlardakı azkomplektli məktəblərin yüksək maliyyə xərclərinə rəğmən, kadr çatışmazlığı və idarəetmə problemləri səbəbindən keyfiyyət baxımından paytaxt məktəblərindən geri qalması idarəetmədə yeni mexanizmlərin zəruriliyini qaçılmaz edir.

Nazirin bu narahatlığı məhz “Sertifikatlaşdırma” tədbirində səsləndirməsi təsadüfi deyil. Problemin kökü avadanlıq və ya maliyyədə deyil, birbaşa müəllim səriştəsindədir. Şagirdlərin yarıdan çoxunun minimal biliyinin olmaması uzun illər sistemdə kök salmış qeyri-peşəkar kadr potensialının acı nəticəsidir. Odur ki, dövlətin ümumi təhsil xərclərinə yönəltdiyi 940,1 milyon manatın effektivliyi birbaşa olaraq sertifikatlaşdırma prosesinin nə dərəcədə ciddi və güzəştsiz aparılmasından asılı olacaq.

Samir Abdulla

 

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.