Azərbaycanda fəaliyyət göstərən üç yəhudi icmasının rəhbərləri İsrail parlamentinin – Knessetin üzvlərinə müraciət edərək qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüsə dəstək verməməyə çağırıblar.
Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Bakı Aşkenazi Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski və Bakı Seferad Yəhudiləri İcmasının sədri Zamir İsayev tərəfindən imzalanan müraciətdə bildirilib ki, sözügedən təşəbbüs Cənubi Qafqazda yeni formalaşmağa başlayan sülh və sabitlik prosesinə mənfi təsir göstərə bilər.
Müraciətdə vurğulanır ki, Azərbaycanın yəhudi icması dünyanın ən qədim yəhudi diasporlarından biridir və əsrlər boyu yəhudilər Azərbaycan torpağında sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində yaşayıblar.
Qeyd olunur ki, ölkədə yəhudilər öz dini etiqadlarını, milli kimliklərini və ənənələrini sərbəst şəkildə qoruyub-saxlayıblar.
İcma rəhbərləri tərəfindən imzalanan sənəddə Azərbaycanın yəhudi həyatının azad şəkildə inkişaf etdiyi, dövlət və cəmiyyət tərəfindən yəhudi icmasına hörmət və dəstəyin göstərildiyi nadir ölkələrdən biri olduğu xüsusi qeyd edilir.
Müraciət müəllifləri, həmçinin, son onilliklər ərzində Azərbaycan ilə İsrail arasında formalaşmış münasibətlərin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslandığını bildirirlər. Onların fikrincə, bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, həm də yəhudi dövləti ilə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkə arasında qarşılıqlı hörmət və ortaq maraqlara söykənən uğurlu əməkdaşlıq nümunəsidir.
İcma rəhbərləri təəssüflə qeyd edirlər ki, İsrail hökuməti 111 il əvvəl baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmasını dəstəkləməsi barədə qərar qəbul edib və məsələnin yaxın vaxtlarda Knessetin müzakirəsinə çıxarılması gözlənilir.
Onlar hesab edir ki, belə bir təşəbbüsün məhz regionda uzun illər davam edən gərginlikdən sonra real sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə ümid yarandığı bir dövrdə gündəmə gətirilməsi xüsusi narahatlıq doğurur.
Müraciətdə vurğulanır ki, üçüncü dövlətlərin bu cür həssas tarixi məsələlərlə bağlı siyasi addımları sülh prosesini çətinləşdirə və xalqlar arasında barışıq, qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə xidmət etməyə bilər.
İcma rəhbərləri hesab edirlər ki, mürəkkəb və həssas tarixi hadisələr siyasi qərarların deyil, tarixçilərin və mütəxəssislərin elmi araşdırmalarının mövzusu olmalıdır. Onların fikrincə, bu məsələlərin siyasiləşdirilməsi İsrailin səmimi dostları arasında lazımsız gərginlik yarada bilər.
Müraciətdə Azərbaycan yəhudi icmasının nümayəndələri olaraq şahidlik etdiklərini bildirirlər ki, Azərbaycan dövləti hər zaman öz yəhudi vətəndaşlarına hörmət və qayğı ilə yanaşıb, Azərbaycan-İsrail münasibətləri isə dostluq, etimad və qarşılıqlı dəstək prinsipləri üzərində qurulub.
Bu səbəbdən onlar Knesset üzvlərinə müraciət edərək müdriklik və məsuliyyət nümayiş etdirməyə, qondarma “erməni soyqırımı”nın tanınması təşəbbüsünü dəstəkləməməyə çağırıblar.
Müraciətdə o da qeyd olunur ki, belə bir qərar nə İsrail dövlətinə fayda gətirəcək, nə də sülh və qarşılıqlı anlaşmaya xidmət edəcək. Əksinə, bu addım İsrailə hər zaman şərtsiz dost münasibəti bəsləyən insanların məyusluğuna səbəb ola bilər.
Sənədin sonunda müəlliflər Knesset üzvlərinə ümid etdiklərini bildirirlər ki, onlar qərar qəbul edərkən tarixi məsuliyyət, dövlətçilik prinsipləri, eləcə də dost xalqlar və dövlətlərlə münasibətlərin qorunması və daha da möhkəmləndirilməsi amillərini əsas götürəcəklər.