Fransız filosofu Deni Didronun maraqlı bir hekayəsi var. O, bütün ömrünü yoxsulluq içində keçirir, lakin günlərin bir günü imperatriça II Yekaterina onun kitabxanasını böyük məbləğə satın alır və Didro qəfildən zənginləşir.
İlk iş olaraq özünə çox bahalı, qırmızı rəngli qəşəng bir xalat alır. Və hər şey bundan sonra başlayır…
Zəncirvari xərcləmə tələsi
Didro təzə xalatı ilə yazı masasının arxasına keçəndə fərq edir ki, köhnə masası bu möhtəşəm xalatın yanında çox sönük və ucuz görünür. Dərhal yeni və bahalı bir masa alır. Sonra divanın, xalçanın, hətta divardakı rəsmlərin də bu yeni masaya və xalata uyğun gəlmədiyini düşünərək hər şeyi yeniləyir. Sonda filosof yenidən borc içində batır və yazır: “Köhnə xalatımın ağası idim, təzə xalatımın isə quluna çevrildim”.
Bu gün biz necə “Didrolaşırıq”?
İqtisadiyyatda buna “Diderot Effekti” deyilir.
Yeni bir telefon alırsınız və dərhal ona uyğun bahalı keys, qulaqlıq və powerbank almalı olursunuz.
Evə yeni bir divan alırsınız və qəfildən fərq edirsiniz ki, pərdələr və xalça da dəyişməlidir.
Pul idarəetməsində ən böyük tələ ehtiyacların deyil, “status uyğunluğu” istəyinin sonsuz olmasıdır. Növbəti dəfə nəsə alarkən onun zəncirvari reaksiyaya səbəb olub-olmayacağını düşünün.