Evdə kondisioner yoxdursa, istidən belə qorunun– Ventilyatoru effektiv işlətməyin sadə yolları

Yay istisində evdə kondisionerin olmaması mütləq dözülməz şərait demək deyil. Mütəxəssislər bildirirlər ki, adi ventilyatordan düzgün istifadə etməklə onun səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

Azpost.info xəbər verir ki, bu barədə Ideal Home portalı yazıb.

Bir çox insan ventilyatoru sadəcə özünə tərəf yönəldir. Halbuki cihazın harada və necə yerləşdirilməsi onun effektivliyinə birbaşa təsir göstərir.

Mütəxəssislər axşam və ya gecə saatlarında çöldə hava sərinləşəndə ventilyatoru açıq pəncərənin qarşısına qoymağı məsləhət görürlər. Bu zaman cihaz ya isti havanı çölə çıxarır, ya da sərin havanı otağa ötürür. Evin müxtəlif tərəflərindəki pəncərələri açmaq isə hava axınını gücləndirərək otağın daha tez sərinləşməsinə kömək edir.

Bundan əlavə, otağın həddindən artıq isinməsini gözləmək düzgün deyil. Ventilyatoru səhər saatlarından işlətmək otaqda rahat temperaturun daha uzun müddət qorunmasına və istiliyin yığılmasının ləngiməsinə kömək edir.

Ekspertlər xatırladırlar ki, ventilyator havanı soyutmur. O, sadəcə hava dövranını sürətləndirir və tərin buxarlanmasını artıraraq orqanizmin daha tez sərinləşməsinə şərait yaradır.

İstidən qorunmağın başqa bir üsulu isə soyuq kompres və ya sərin su ilə doldurulmuş butulkalardan istifadə etməkdir. Onları boyun, biləklər, dirsək büküşləri və topuq nahiyəsinə qoymaq tövsiyə olunur. Çünki həmin hissələrdə iri qan damarları dəriyə daha yaxın yerləşdiyi üçün bədən temperaturu daha sürətlə aşağı düşür.

Günün ən isti saatlarında pəncərələri açıq saxlamaq məsləhət görülmür. Əks halda, çöldəki qızmar hava otağı daha da isidəcək. Mənzili səhər tezdən, axşam və ya gecə havalandırmaq, gündüz isə pərdə və ya jalüzləri bağlamaq günəş şüalarının təsirini azaltmağa kömək edir.

Ventilyatorun təsirini artırmaq üçün sadə üsullardan biri də onun qarşısına buzla dolu qab və ya əvvəlcədən dondurulmuş su butulkaları qoymaqdır. Soyuq səthin yanından keçən hava axını daha sərin hiss olunur və otaqda qalmağı daha komfortlu edir.

Mütəxəssislər vurğulayırlar ki, ventilyator kondisioneri tam əvəz edə bilməz. Çünki o, havanın temperaturunu aşağı salmır, yalnız onun hərəkətini təmin edir və bədənin istiliyi daha effektiv şəkildə xaric etməsinə kömək edir.

Bununla belə, düzgün havalandırma, otağın günəşdən qorunması və bədənin soyudulması ilə birlikdə ventilyatordan istifadə yay istisini kondisionersiz də xeyli rahat keçirməyə imkan verir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.