Alimlər dinozavrları məhv edən asteroidlə bağlı yeni sirri açdılar

Təxminən 66 milyon il əvvəl Yerə düşərək dinozavrların kütləvi məhvinə səbəb olan Çiksulub (Chicxulub) asteroidinin əvvəllər düşünüldüyündən fərqli kimyəvi tərkibə malik olduğu müəyyən edilib.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya Kolumbiyası Universitetinin mətbuat xidməti məlumat yayıb.

Avropa və Kanadadan olan geoloqların apardığı araşdırmaya əsasən, asteroid çox nadir rast gəlinən səma cisimləri qrupuna aid olub və xüsusiyyətlərinə görə XIX əsrdə Fransada tapılmış Ornans meteoritinə daha yaxın olub.

Tədqiqatın müəlliflərindən biri, professor Filip Klais bildirib ki, bu tip meteoritlərə çox nadir hallarda rast gəlinir. “Bu, son dərəcə nadir səma cisimləridir. Ornans meteoritinin analoqlarına hətta muzey kolleksiyalarında da çox az rast gəlinir. Onların tərkibində karbon və kükürd kimi uçucu elementlər azdır. Bu isə asteroidin atmosferə buraxdığı kükürd birləşmələrinin dinozavrların məhvinə əsas səbəblərdən biri olması ilə bağlı geniş yayılmış nəzəriyyəni şübhə altına alır”, – deyə alim vurğulayıb.

Yerə 10-15 kilometrlik asteroid düşmüşdü

Alimlərin hesablamalarına görə, diametri 10-15 kilometr olan asteroid təbaşir dövrünün sonunda – təxminən 65,5-66 milyon il əvvəl Yerə çırpılıb.

Zərbə nəticəsində indiki Meksika ərazisində diametri təxminən 300 kilometr olan nəhəng Çiksulub krateri yaranıb.

Elm adamları uzun illərdir ki, bu hadisəni dinozavrların və mezozoy erasının bir çox canlı növlərinin yoxa çıxmasının əsas səbəbi hesab edirlər. Bununla belə, fəlakətin dəqiq necə baş verdiyi və hansı amillərin kütləvi məhvə səbəb olduğu hələ də elmi müzakirə mövzusudur.

Asteroidin mənşəyi necə müəyyən edildi?

Tədqiqatçılar asteroidin hansı növə aid olduğunu müəyyən etmək üçün onun Yerə düşməsindən sonra yaranmış çöküntü süxurlarını araşdırıblar.

Danimarka, İspaniya və İtaliyanın beş müxtəlif bölgəsindən götürülmüş gil nümunələrində saxlanılan hissəciklər təhlil edilib. Xüsusilə meteoritlərin mənşəyini müəyyən etməyə imkan verən nikel-60 izotopunun miqdarı öyrənilib.

Analiz göstərib ki, Çiksulub asteroidi əvvəllər güman edildiyi kimi CM-xondritlərə deyil, daha nadir rast gəlinən CO-xondritlər qrupuna aid olub. Bu qrupa Fransada tapılmış Ornans, eləcə də Rusiyada aşkar edilmiş Kainsaz meteoritləri daxildir.

Bu kəşf nəyi dəyişir?

İndiyədək alimlər hesab edirdilər ki, asteroid Yerə çırpıldıqdan sonra atmosferə yayılan böyük həcmdə kükürd birləşmələri Günəş işığını uzun müddət bloklayaraq iqlimin kəskin soyumasına və canlıların kütləvi məhvinə səbəb olub.

Lakin yeni araşdırma göstərir ki, CO-xondritlərin tərkibində kükürd çox azdır. Bu isə həmin kükürdün əsas mənbəyinin asteroid deyil, onun düşdüyü ərazidəki Yer süxurları və ya fəlakətin təsirini gücləndirən digər geoloji proseslər ola biləcəyini göstərir.

Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr Yer tarixində baş vermiş ən böyük bioloji böhranlardan birinin səbəblərini daha dəqiq anlamağa və 66 milyon il əvvəl baş verən qlobal fəlakətin gedişatını yenidən qiymətləndirməyə imkan verəcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.